Daha bir yas mərasimində zəhərlənmə: araşdırmalara başlanıldı – YENİLƏNDİ
Hadisə
Gəncədə keçirilən yas mərasimində baş verən hadisə ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyinin Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılıb.
News24.az xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.
"14 iyul 2026-cı il tarixində Gəncə şəhərində keçirilən yas mərasimində baş verən hadisə ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyinin Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılıb.
İlkin məlumata görə, özlərini narahat hiss edən şəxslərə müvafiq tibbi yardım göstərilib. Onlara ilkin olaraq dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu qoyulub. Həkim müayinəsindən sonra vəziyyətləri qənaətbəxş qiymətləndirilib və evə buraxılıblar.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə mərasimdə təqdim olunan, məişət şəraitində hazırlanmış qida məhsullarından nümunələr götürülərək laborator müayinəyə təqdim edilib.
Araşdırmalar davam etdirilir", - deyə məlumatda bildirilir.
***19:39
Gəncədə ikisi azyaşlı olmaqla zəhərlənən beş nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki tibb müəssisələrinə - Abbas Səhhət adına xəstəxanaya və Uşaq Xəstəxanasına hospitalizasiya olunublar.
News24.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, zəhərlənmə şübhəsilə onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir, dörd nəfərin vəziyyəti stabil, birinin isə orta ağır qiymətləndirilir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb. Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə müvafiq tədbirlər görülür.
Qeyd edək ki, bu, Gəncədə son üç gün ərzində qeydə alınan ikinci kütləvi qida zəhərlənməsi hadisəsidir. (Report)
***19:08
Gəncədə daha bir yas mərasimində zəhərlənmə faktı qeydə alınıb.
News24.az xəbər verir ki, zəhərlənən şəxslərdən 4-ü Abbas Səhhət adına Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.
Tibb müəssisəsinə yerləşdirilən həmin şəxslər bunlardır:
Tapdıq Həsənli (1999)
Leyla Hüseynova (1951)
Ramil Məmmədov (1982)
Ülviyyə Hacıyeva (1974)
Hadisə zamanı, həmçinin daha iki azyaşlı uşaq da zəhərlənib. Onlar isə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına aparılıb.
İlkin məlumata görə, həmin şəxslər yas mərasimində qidadan zəhərləniblər.
Faktla bağlı araşdırma başlanılıb. (Qafqazinfo)