DTX maşınların yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Hadisə
Oktyabrın 10-da Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandıranlardan daha biri saxlanılıb.
News24.az xəbər verir ki, Masazır qəsəbəsində 4 avtomobilin yandırılmasını təşkil edən şəxs hava nəqliyyatı ilə Gürcüstandan Özbəkistana gedərkən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq Azərbaycana gətirilib və həbs edilib.
Qeyd edək ki, hadisənin videoları mediada geniş rezonans doğurmuşdu. Artıq cinayətin bütün iştirakçıları DTX əməliyyatçıları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək tutulublar.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb, barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə ibtidai istintaq hərəkətləri aparılır.
Həbs edilən şəxslərin adları və cinayətin motivi açıqlanmır.
Qeyd edək ki, qəsdən törədilən yanğın nəticəsində “Mercedes”, “Lada”, “Hyundai”, “Renault” markalı minik avtomobilləri yanaraq kül olub./Qafqazinfo/