Dünənki yanğında zəhərlənənlərin son durumu
Hadisə
Noyabrın 21-də Yasamal rayonu, M.Seyidov küçəsi ərazisində yerləşən yaşayış binasında baş verən yanğın hadisəsi səbəbilə Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə tüstüdən zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunan 27 nəfərdən 20-nə (13-ü kişi, 7-si qadın) zəruri tibbi xidmətlər göstərilib.
News24.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəz məlumat yayıb.
Bildirib ki, vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
"Hazırda 7 nəfərin (5-i qadın, 2-si kişi) müalicəsi Toksikologiya şöbəsində davam etdirilir. Onlardan 6 nəfərin vəziyyəti orta ağır, 1 nəfər azyaşlının vəziyyəti isə ağır olaraq qiymətləndirilir".
Xatırladaq ki, dünən axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə nəticəsində 3 nəfər həyatını itirib.
Faktla bağlı Baş Prokurorluqda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.