Düz axtarmamışıq: Süni intellekt kosmik sivilizasiyaların yerini göstərdi - VİDEO

Düz axtarmamışıq: Süni intellekt kosmik sivilizasiyaların yerini göstərdi - VİDEO Hadisə

Günlərin birində dahi fizik Enriko Fermi nahar vaxtı həmkarları ilə kosmik sivilizasiyaların haqqında söhbət edirdi. Kainatda şüurlu həyatın mövcudluğu ilə bağlı arqumentləri dinləyən Fermi soruşur: “Əgər varsa, bəs haradadırlar?”

Bu sual 1950-ci ildə səslənmişdi. Amma aradan keçən müddət ərzində hələ də ona qənaətbəxş bir cavab verilməyib. Bir tərəfdən, məntiq və arqumentlər göstərir ki, Kainatda çoxlu sayda sivilizasiyalar mövcud olmalıdır; digər tərəfdən, biz onların varlığına aid heç bir sübut tapa bilmirik. Bu ziddiyyət “Fermi paradoksu” adlanır.

Fermi paradoksunun izahı ilə bağlı xeyli nəzəriyyələr irəli sürülüb. Bugünlərdə Amerika Astronomiya Cəmiyyətinin (AAS) “Research Notes” jurnalında dərc olunan bir cavab isə xüsusilə maraqlıdır. Ceyson T.Rayt (Jason T. Wright) başda olmaqla, bir qrup alim süni intellektin də köməyilə, Bizim Qalaktikada şüurlu həyatın mümkün yayılma ssenarinin vizual kompüter modelini hazırlayıblar.

Bu model Conatan Kerrol-Nellenbekin (Jonathan Carroll-Nellenback) Bizim Qalaktikanın kolonizasiyası modelinə əsaslanır. Həmin model şüurlu həyatı kosmosda daşıyacaq zond-gəmilərin mümkün trayektoriyasını ulduzların hərəkətlərini nəzərə almaqla hesablayır. İndiyə qədər heç kim məsələyə belə yanaşmamışdı, yəni, Qalaktikanın sürətli fırlanma hərəkəti nəzərə alınmırdı. Müəlliflər zondun (gəminin) kosmosda hərəkət müddətini 100 ildən 10 min ilə qədər, yeni gəminin yaradılmasını 1 ildən 1000 ilə qədər götürüblər. Kosmik gəmilərin sürəti Yerin hazırkı zondlarının sürətinə bərabər götürülüb – 30 km/san. Fərz edilib ki, gəmilər 10 işıq ili məsafəyə uça bilirlər (300 min il tələb olunur).

Hesablamalar göstərib ki, əgər şüurlu həyat cəmi bir planetdən yayılmağa başlasa belə, Qalaktikanın ömrü başa çatana qədər onu məskunlaşdıra bilər. Modelin müəllifləri sivilizasiyaların özlərinin də ömür müddətlərini nəzərə alıblar.