"Eliş" ləqəbli tiktokerə hökm oxundu
Hadisə
Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Eliş" ləqəbli tiktoker Elsevər Nəbiyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
News24.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Elvin Mirzəyev ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 5 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Vəkil müdafiə çıxışı etdikdən sonra tiktoker son söz deyib. O məhkəmədən ədalətli hökm çıxarmasını xahiş edib.
Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra hökmü elan edib.
Hökmə əsasən, "Eliş" ləqəbli tiktoker 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 1992-ci il təvəllüdlü "Eliş" ləqəbli tiktoker Elsevər Nəbiyev ötən ilin noyabrında Nəsimi Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsi və cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Tiktokerin üzərinə baxış zamanı 1 bükümdə kustar üsulla hazırlanmış 2,389 qram metamfetamin aşkar edilib.
Tiktokerə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Elsevər Nəbiyev dəfələrlə TikTokda "Eliş 020" adlı səhifəsində canlı yayım açaraq narkotik vasitənin təsiri altında qeyri-etik paylaşımlar, eləcə də narkotiklərin qəbulunu təbliğ edən videolar yayıb.
Tiktoker bundan əvvəl də oxşar əməllərə görə dəfələrlə həbs edilib.(unikal)