Gecə kabusları və yuxuda gəzmənin beyində izləri tapıldı
Hadisə
Yuxu pozuntuları beynin strukturunda fiziki dəyişikliklərlə əlaqəli ola bilər. Bu dəyişikliklər insanın diqqətinə, qərarvermə qabiliyyətinə və emosional vəziyyətinə təsir göstərir.
News24.az xəbər verir ki, bu qənaətə ABŞ-nin Florida Beynəlxalq Universitetinin (FIU) alimləri 57 neyrogörüntüləmə tədqiqatının nəticələrini təhlil etdikdən sonra gəliblər.
Araşdırmanın nəticələri “Scientific Reports” elmi jurnalında dərc olunub. Tədqiqatçılar müxtəlif yuxu pozuntularından əziyyət çəkən yetkin insanların beyin strukturunda baş verən dəyişiklikləri araşdırıblar. Məqsəd fərqli yuxu pozuntuları üçün ümumi olan və yalnız müəyyən xəstəliklərə xas dəyişiklikləri müəyyən etmək olub.
Alimlər əsasən yuxu pozuntularını iki qrupa ayırıblar. Birinci qrupa yuxusuzluq və yuxu apnesi kimi hallar daxildir. Dissomniyalar adlanan bu pozuntular yuxuya getməyi çətinləşdirir, yuxunun normal müddətini pozur və orqanizmin tam bərpa olunmasına mane olur.
İkinci qrupa isə parasomniyalar daxildir. Bu kateqoriyaya yuxuda gəzmə, gecə qorxuları və təkrarlanan kabuslar aiddir. Belə hallarda yuxu zamanı qeyri-adi davranışlar və hadisələr müşahidə olunur.
Araşdırmanın əsas nəticələrindən biri beynin dərin qatlarında yerləşən talamusda struktur dəyişikliklərinin aşkarlanmasıdır. Bu beyin strukturu informasiyanın emalında, diqqətin qorunmasında və mürəkkəb düşüncə proseslərində mühüm rol oynayır.
Xüsusilə talamusun pulvinar adlanan hissəsində nəzərəçarpan dəyişikliklər müəyyən edilib. Bu nahiyə insanın vacib siqnallara diqqət yetirməsinə, informasiyanı süzgəcdən keçirməsinə və müxtəlif tapşırıqların yerinə yetirilməsinə nəzarət etməyə kömək edir.
Alimlərin fikrincə, həmin beyin şəbəkələrinin fəaliyyətindəki pozuntular yuxu problemi yaşayan insanlarda gündəlik həyatda müşahidə olunan bəzi çətinlikləri izah edə bilər. Bunlara reaksiyanın ləngiməsi, diqqətin azalması, qərarvermədə çətinlik və səhv etmək riskinin artması daxildir.
Tədqiqatçılar hesab edirlər ki, bu dəyişikliklər yuxuda gəzmə, gecə qorxuları və təkrarlanan kabuslarla müşayiət olunan emosional və davranış problemləri ilə əlaqəli ola bilər. Müəlliflər əldə olunan nəticələrin gələcəkdə yuxu pozuntularının diaqnostikasının təkmilləşdirilməsinə kömək edə biləcəyini düşünürlər. /Bizim.media