Goranboyda yol qəzasında iki nəfər öldü, 5 nəfər xəsarət aldı - YENİLƏNDİ 2
Hadisə
Goranboy rayonunda iki nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.
News24.az xəbər verir ki, hadisə rayonun Səmədabad kəndinin ərazisində qeydə alınıb.
"VAZ-2107" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. Onlar yaxınlıqda yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.
Hadisənin səbəbləri araşdırılır.(report)
14:15
Goranboy rayonunda baş verən avtomobil qəzasında ölənlərin və xəsarət alanların şəxsiyyəti məlum olub.
News24.az xəbər verir ki, qəza zamanı Şahbaz Qarayev (1940) və Rza Qasımov (1969) hadisə yerində ölüblər.
Xəsarət alan Çinarə Əsgərova ( 1991), Gülsanə Tağıyeva (1994), Səməndər Cəfərov ( 1952), həmçinin şəxsiyyəti hələ dəqiqləşdirilməyən daha bir nəfər Gəncə Şəhər və Goranboy Rayon xəstəxanalarına aparılıblar.
Faktla bağlı araşdırma aparılır. / Report/
14:56
İyunun 8-i saat 13:00 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (1-i kişi, 1-i qadın) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlara sağ bazu sümüyünün yerdəyişmə ilə sınığı və başın alın-təpə nahiyəsinin genişsahəli kəsilmiş yarası, sol bud sümüyünün yerdəyişmə ilə sınığı diaqnozu təyin edilib:
"Hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım bölməsində davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb".
Xeyrənsə Piriyeva
15 :22
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Goranboy rayonu, Səmədabad kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən News24.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Ucar Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VAZ-2106” və “VAZ-2107” markalı minik avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla avtomobillərdə sıxılı vəziyyətdə qalan və müxtəlif dərəcəli bədən xəsarətləri alan vətəndaşlar, 1942-ci il təvəllüdlü Hüseynova Gülnarə Məhəmməd qızı və 1991-ci il təvəllüdlü Əsgərova Çinarə Heybət qızı xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Xilasedicilər tərəfindən 1969-cu il təvəllüdlü Qasımov Rza Yəhya oğlu və 1940-cı il təvəllüdlü Qarayev Şahbaz İsmayıl oğlununu meyiti avtomobillərdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qəza nəticəsində ümumilikdə 3 nəfər xəsarət alıb, 2 nəfər həyatını itirib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
