Goranboyda qonşusu tərəfindən döyülən şəxs xəstəxanada öldü
Hadisə
Goranboy rayonunda bir neçə gün əvvəl qonşusu tərəfindən döyülərək ağır xəsarət alan şəxs xəstəxanada həyatını itirib.
News24.az-ın məlumatına görə, Dəliməmmədli şəhər sakini, 1994-cü il təvəllüdlü Əli Əliyev xəsarət alaraq Gəncədə yerləşən xəstəxanalardan birinə çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata əsasən, hadisə martın 20-də Dəliməmmədli dəmiryolu stansiyasının yaxınlığında baş verib. Bildirilir ki, bayram günü birlikdə yeyib-içən dostlar arasında mübahisə yaranıb. Mübahisə zamanı 41 yaşlı Elçin Ağalı həmyerlisi Əli Əliyevə ağır xəsarətlər yetirib.
Zərərçəkən şəxs Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Bir neçə gün komada qalan Əli Əliyev bu gün səhər saatlarında vəfat edib.
Yaxınlarının sözlərinə görə, mərhum sakit xasiyyətli insan olub. Qonşular isə bildiriblər ki, tərəflər dost olublar və əvvəllər aralarında hər hansı ciddi mübahisə yaşanmayıb.
Qeyd edək ki, Əli Əliyev bərbər kimi fəaliyyət göstərib və bir neçə ay əvvəl ailə qurub. O, ailədə iki bacının yeganə qardaşı idi.
Hadisəni törətməkdə şübhəli bilinən Elçin Ağalı Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.