Göz qaşıntısı ilə həkimə getdi... - Görün səbəb nə imiş
Hadisə
Bitlisin Mutki rayonunun kənd ərazisində yaşayan 12 yaşlı uşaq küçədə gördüyü pişiklə oynadıqdan sonra gözündə ağrı və qaşınma əmələ gəlib.
News24.az xəbər verir ki, şikayətləri artan xəstə ailəsi tərəfindən Tatvan Dövlət Xəstəxanasının Təcili Xidmətinə aparılıb.
Müayinələrdən sonra uşağın gözündə yad cisim aşkar edilib. Ətraflı müayinədə gözdə gənə olduğu müəyyən edilib. Ambulatoriyada edilən müdaxilədən sonra xəstə göz qapağına yapışmış gənəni çıxarmaq üçün əməliyyat otağına aparılıb. Təxminən yarım saat davam edən uğurlu əməliyyatdan sonra uşağın gözündən canlı gənə çıxarılıb.
Hadisə ilə əlaqədar məlumat verən Tatvan Dövlət Xəstəxanası Başhekimi Op. Dr. Gökmen Reyhanlı gənə hadisələrinə diqqət çəkib.
"Yay aylarında belə hallarla tez-tez rastlaşırıq. Xüsusilə kənd yerlərində yaşayan və heyvandarlıqla məşğul olan vətəndaşlarımıza daha diqqətli olmalarını tövsiyə edirik. Biz istəyirik ki, belə şikayətləri olan vətəndaşlarımız simptomlara ciddi yanaşsınlar və yaxınlıqdakı tibb müəssisəsinə müraciət etsinlər", - deyə həkim bildirib.
Məryəm İlhamqızı