Gürcüstanda azərbaycanlı merin qardaşı həbs edildi

Gürcüstanda azərbaycanlı merin qardaşı həbs edildi Hadisə

Gürcüstanda Bolnisi Rayon Məhkəməsi Marneuli bələdiyyəsində baş vermiş qrup halında zorakılıq faktı üzrə Marneuli meri Daur İsmayılovun qardaşı Kənan İsmayılov barəsində hökm çıxarıb.

News24.az xəbər portalına Bolnisi Rayon Məhkəməsindən bildirilib ki, hakim Qiorqi Qratiaşvilinin sədrliyi ilə keçirilən məhkəmə prosesi Kənan İsmayılovun 7 ay müddətinə azadlıqdan məhrum edilməsi ilə yekunlaşıb.

Məhkəmənin qərarına əsasən, həbs müddəti onun aprelin 6-da saxlanıldığı tarixdən hesablanacaq. İş üzrə daha üç nəfər barəsində isə 2 il müddətinə şərti cəza təyin edilib.

Prokurorluğun məlumatına görə, hadisə aprelin 6-da Marneuli bələdiyyəsində biznes fəaliyyəti ilə bağlı yaranan mübahisə zamanı baş verib. İstintaq müəyyən edib ki, Kənan İsmayılov və onu müşayiət edən şəxslər zərərçəkənə xəsarətlər yetiriblər.

İlkin olaraq iş Cinayət Məcəlləsinin 120-ci maddəsinin ikinci hissəsi – qrup halında qəsdən sağlamlığa yüngül zərər vurma maddəsi ilə araşdırılıb. Sonradan ittiham dəqiqləşdirilərək iş üzrə istintaq Cinayət Məcəlləsinin 126-cı maddəsinin 1¹ hissəsi – qrup halında zorakılıq maddəsi ilə davam etdirilib. /24News.ge/