Gürcüstanda azərbaycanlı qardaşları öldürən şəxs saxlanıldı - VİDEO
Hadisə
Gürcüstanın Kaxeti bölgəsində azərbaycanlı qardaşların öldürülməsi faktı isti izlərlə açılıb.
News24.az xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Kaxeti Polis və Patrul Polisi departamentlərinin əməkdaşları birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində iki nəfərin qəsdən öldürülməsi ittihamı ilə bir nəfər saxlanılıb.
Bildirilib ki, təqsirləndirilən şəxs cari il noyabrın 5-də Saqareco bələdiyyəsinin kəndlərindən birində əvvəllər mövcud olmuş münaqişə zəminində odlu silahdan dəfələrlə atəş açaraq iki nəfəri yaralayıb və hadisə yerindən qaçıb.
Aldıqları xəsarətlər nəticəsində hər iki kişi həyatını itirib.
Polis cinayətdə istifadə olunan silahı maddi sübut kimi götürüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsi ilə istintaq aparılır.
Həmin maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur.
Məlumat üçün bildirək ki, hadisə qardaşlar qohumlarının toyuna gedərkən baş verib.
Hadisədən sağ çıxan üç qardaşdan biri olan Elman Usubov baş verənlərin təfərrüatını danışıb. Onun sözlərinə görə, axşam saat 17:00 radələrində iki qardaşı və sinif yoldaşı ilə birlikdə piyada hərəkət edərkən bir avtomobil dayanıb və onlara atəş açmağa başlayıb.
Usubov bildirib ki, atəş açılan zaman özü avtomobilin arxasında gizlənib, qardaşlarına isə dəfələrlə hədəf alınaraq atəş açılıb və onlar hadisə yerində öldürülüblər.
“Dörd nəfər idik – üç qardaş və qonşumuz. Birdən avtomobil dayandı və atəş açmağa başladı. Dəfələrlə atəş açdı. Əvvəllər heç nə baş verməmişdi, aramızda münaqişə olmayıb. Qardaşlarım hadisə yerində öldülər. Polis artıq məndən ifadə alıb”, – deyə Elman Usubov bildirib. /İnterpress.ge