Həbsdəki iş adamı “kars”a salındı – Sabiq deputatla bağlı diqqətçəkən İDDİA

Həbsdəki iş adamı “kars”a salındı – Sabiq deputatla bağlı diqqətçəkən İDDİA Hadisə

Penitensiar Xidmətin 13 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan iş adamı Sahib İbrahimov “kars”a salınıb.

News24.az xəbər verir ki, S.İbrahimov müəssisədə nizam-intizam qaydalarını pozması səbəbindən cəzalandırılıb.

Həmçinin qeyd edilib ki, bir neçə gün əvvəl Sahib İbrahimov həmin cəzaçəkmə müəssisəsində saxlanılan sabiq deputat, iş adamı Nazim Bəydəmirliyə qarşı da aqressiv hərəkətlər edib.

Hazırda tibb məntəqəsində qalan Sahib İbrahimovun cərimə təcridxanasından sonra digər cəzaçəkmə müəssisəsinə göndəriləcəyi iddia olunub.

Xatırladaq ki, bir neçə gün əvvəl Nazim Bəydəmirlinin də “kars”a salınmasına dair məlumat yayılmışdı.

Qeyd edək ki, Sahib İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun qardaşıdır. O, 2022-ci ildə dələduzluqda və vəzifə cinayətlərində təqsirli bilinərək 6 il 9 ay azadlıqdan məhrum edilib. Nazim Bəydəmirli isə 2023-cü il iyulundan həbsdədir. Ona Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələbetmə – xeyli miqdarda əmlak əldə etmək məqsədilə və təkrar törədildikdə) maddələri ilə ittiham edilib və 8 il həbsə məhkum olunub. (gununsesi.info)