Həkim anama “oğlun pulu ödəmir” dedi- Mərkəzi Klinikadan şikayət
Hadisə
Anası infarkt keçirən şəxs Mərkəzi Klinikada üzləşdiyi xoşagəlməz durumdan danışıb.
News24.az-ın məlumatına görə, Təbriz Məmmədov klinikadan şikayətlənib, həkim Firdovsi İbrahimov tərəfindən təhqirlərə məruz qaldığını iddia edib.
"Anam infarkt keçirdi. Gecə saat 2-də öz maşınımla xəstəxanaya apardım. Daha sonra təcili şəkildə Mərkəzi Klinikaya göndərildi. Səhər saatlarında isə məndən əlavə ödəniş tələb olundu. Əvvəlcə məndən 2500 AZN tələb edildi. Etiraz etdikdən sonra məbləğ 1900 AZN-ə endirildi, daha sonra isə 1600 AZN-də dayandı. Mən pul ödəməkdən imtina etmədim. Sadəcə soruşdum ki, bu 1600 manat hansı tibbi xidmətin qarşılığıdır? Əgər sığorta qarşılamırsa, mənə bunu yazılı şəkildə göstərin.
Lakin bu sadə sualın cavabını yazılı şəkildə vermək əvəzinə, Mərkəzi Klinikada həkim Firdovsi İbrahimov tərəfindən mənə qarşı təhqiramiz ifadələr işlədildi.
Mənə deyilən sözləri olduğu kimi yazıram: “Sən bazar adamısan”, “sən alçaqsan”, “şərəfsizsən” və digər təhqiramiz ifadələr.
Mən həkimə qarşı bir dəfə də olsun təhqir işlətmədim. Sadəcə anamın müalicəsi üçün tələb olunan ödənişin rəsmi əsasını soruşdum".