Könül Vəlibəylinin qızı ifadə verdi - Səbəbkarı bağışlamadı
Hadisə
Bakıda yaşayış binasında baş verən yanğında üç nəfərin ölümündə təqsirləndirilən “Loft Dent” klinikasının direktoru Bəhruz Paşayevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
News24.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş kimi tanınan və hadisə zamanı vəfat edən Könül Vəlibəylinin qızı Ləman Qulamova ifadə verib.
O, hadisənin baş verən zaman evdə olduğunu bildirib: “Mənzildən çıxıb birinci mərtəbəyə düşdüm, özümü itirdim. Sonra baş verənlərdən xəbərim olmayıb, 10 gün komada qalmışam. Komadan ayılandan sonra 11 ay müalicə olunmuşam. Vəziyyətim indi də yaxşı deyil, sağalmıram, nəticə əldə edilməyib Təqsirləndirilən şəxsdən şikayətçiyəm".
Təqsirləndirlilən Bəhruz Paşayev zərərçəkmişdən üzr istəyib:
"Məni də bu işdə aldadıblar. Özümü günahkar sayıram".
Təqsirləndirilən şəxs zərərçəkmişdən onu bağışlamasını istəyib.
Qeyd edək ki, 2025-ci il noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Yanğın nəticəsində 1984-cü il təvəllüdlü Samir Kamal oğlu Məhəmmədov, 2018-ci il təvəllüdlü Arzu Əli qızı Qəmbərli və 1977-ci il təvəllüdlü Könül Vəlibəy qızı Hümbətova (Könül Vəlibəyli) dünyasını dəyişib, 25 nəfər xəsarət alıb.
İbtidai istintaqla yaşayış binasının 1-ci və zirzəmi mərtəbəsində yerləşən “Loft Dent” stomatoloji klinikasının direktoru, 1986-cı il təvəllüdlü Bəhruz Paşayevin üzərinə qoyulmuş yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifələrini pozaraq 3 nəfərin ölümünə, 25 nəfərin isə xəsarət almasına,habelə binada olan mənzillərə maddi ziyan vurmaqla ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Təqsirləndirilən Bəhruz Paşayevə Cinayət Məcəlləsinin 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən həmin qaydaların pozulması ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə yekun ittiham elan olunub.
Bəhruz Paşayevin barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib./Unikal/