Döyülən uşaqla bağlı TƏBİB məlumat yaydı - YENİLƏNDİ 3

Döyülən uşaqla bağlı TƏBİB məlumat yaydı - YENİLƏNDİ 3 Hadisə

2023-cü il təvəllüdlü azyaşlı (kişi cinsli) bu gün saat 05:00 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, azyaşlıya dəqiqləşdirilməmiş sağ gözaltı nahiyədə, sol qulağında, sifətində və kürək nahiyəsində qançır diaqnozları təyin olunub. Xəsarət alan azyaşlıya zəruri tibbi xidmətlər göstərilib, müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Vəziyyəti stabil qiymətləndirilir.


***

Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunub.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib.

Bildirilib ki, hazırda aidiyyəti qurumlarla birgə uşağın vəziyyətinin qiymətləndirilməsi, həmçinin zəruri tibbi və sosial xidmətlərlə təmin olunması istiqamətində iş aparılır.

Uşağın mənafeyinin və təhlükəsizliyinin qorunması diqqətdə saxlanılır.

Qeyd olunan prosedurlar yekunlaşdıqdan sonra qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək.

***

13:01

"Lənkəranda 3 yaşlı uşağın zorakılığa məruz qalması ilə bağlı yayılan məlumat ciddi narahatlıq doğurur".

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, uşaqlara qarşı hər hansı zorakılıq qəbuledilməzdir: "Azyaşlının təhlükəsizliyinin təmin edilməsi, səhhətinin bərpası hüquq və mənafelərinin qorunması əsas prioritetdir. Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görülür, uşağın səhhəti və təhlükəsizliyi diqqətdə saxlanılır.

Dövlət Komitəsinə daxil olan məlumata görə, hazırda uşağın səhhəti stabildir. Azyaşlının döyülməsində şübhəli bilinən atalığı ilə bağlı rayon polis şöbəsində təhqiqat araşdırması aparılır. Araşdırmanın nəticələrindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.

Eyni zamanda, uşağın anasının valideynlik hüququnun məhdudlaşdırılması məsələsinə rayon icra hakimiyyəti tərəfindən qanunvericiliyə uyğun olaraq baxılır. Ananın psixoloji vəziyyəti ilə bağlı müvafiq psixoloqlar tərəfindən onunla söhbətlər və psixoloji dəstək tədbirləri həyata keçirilir.

Bir daha vurğulamaq istəyirəm ki, uşaqların zorakılıqdan qorunması cəmiyyətin hər bir üzvünün məsuliyyətidir. Uşağa qarşı zorakılıq halı və ya belə bir şübhə yarandıqda,dərhal aidiyyəti qurumlara məlumat verilməsinə çalışmaq lazımdır. Uşağın təhlükəsizliyi və üstün mənafeyi hər zaman əsas götürülməlidir".

***

11:07

Lənkəranda 3 yaşlı uşağın fiziki zorakılığa məruz qaldığı bildirilir.

News24.az xəbər verir ki, hadisə bu səhər şəhər ərazisində qeydə alınıb.

Belə ki, 2023-cü il təvəllüdlü Ə.E. müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Uşağa ilkin tibbi xidmətlər göstərilib, vəziyyəti ağır qiymətləndirilir.

Valideynləri ilkin məlumatda uşaqlarının digər uşaqlarla oynayarkən, xəsarət aldığını qeyd ediblər.

3 yaşlı uşağın atalığı tərəfindən döyüldüyü bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hazırda qeyd edilən faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır.

Müvafiq ekspertiza təyin edilib, araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək./APA