Lerikdə dam uçdu - Bir ailə evsiz qaldı
Hadisə
Lerik rayonunda yağan intensiv qar bir fərdi yaşayış evinə ciddi ziyan vurub.
News24.az xəbər verir ki, qarın ağırlığına tab gətirməyən evin dam örtüyü dağılıb.
Hadisə Lerik rayonunun Hamarmeşə kəndində baş verib. Belə ki, kənd sakini Asəf Əlirza oğlu Muradova məxsus fərdi yaşayış evinin dam örtüyü intensiv qar yağışı nəticəsində sıradan çıxıb.
Hadisə zamanı evdə ailə üzvlərindən Şəhla və azyaşlı qızı Əsmər olub. Ailənin oğlu isə hadisədən az əvvəl hərbi xidmətə yola salınıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Damın uçması səbəbindən ev yaşayış üçün yararsız hala düşüb. Evin daxilindəki əşyalar qonşuların köməyi ilə təhlükəsiz şəkildə yaxınlıqdakı evə daşınıb.
Faktla bağlı aidiyyəti qurumlara məlumat verilib, ailə müvəqqəti olaraq qohumlarının evinə yerləşdirilib.
Qeyd edək ki, kənd ərazisinə təxminən 1 metrə yaxın qar yağıb.
Yaşar Araz