Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı

Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı Hadisə

Goranboyda çay evində bıçaqlanma olub.

News24.az xəbər verir ki, hadisə Sarov kəndində yerləşən "Komfort" çay evində qeydə alınıb.

İttiham aktına görə, 23 yaşlı Şükür İsayev (şərti adla) obyektdə tanışı və bir xanımla oturarkən mahnı sifarişi üstündə digər masada əyləşən müştəri ilə dava edib. Belə ki, əvvəlcə yan masada əyləşənlər "Goranboy" mahnısı sifariş edib oynayıblar. Bu zaman Şükürün tanışı "Gəncə" mahnısı ifa etdirib və rəqs etməyə başlayıb. Sonra yenidən yan masadakı qonaqlar "Goranboy" mahnısı sifariş ediblər. Bundan sonra onlar Şükürün dostu ilə mübahisə ediblər.

Şükür İsayev də dostunun yanına gedib və həmin şəxslərdən biri onunla mübahisəyə başlayıb. O, Şükürə yumruq zərbəsi atıb, lakin zərbə ona dəyməyib. Bu zaman Şükür üzərindəki bıçaqla həmin şəxsi bıçaqlayıb.

Fakt əsasında Ş.İsayev polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu deyib. Zərərçəkən şəxs də, həmçinin təqsirləndirilən şəxslə barışdığını və ona qarşı şikayətinin olmadığını bildirib.

Məhkəmənin qərarı ilə Ş.İsayev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib./lent.az