Marneulidə 11 min lariyə azərbaycanlı məhbusu azad etdirəcəyini dedi, saxlanıldı
Hadisə
Gürcüstanda külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə mənimsəməkdə ittiham olunan, əvvəllər məhkum edilmiş şəxs saxlanılıb.
News24.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qurumun məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Marneuli bələdiyyəsində yaşayan vətəndaşdan 11 000 lari pul alıb və vəd edib ki, bunun müqabilində onun oğlunu Azərbaycandakı həbsxanadan azad etdirəcək.
Daha sonra o, dələduzluqla əldə etdiyi məbləği mənimsəyib.
Həmin şəxs məhkəmə qərarı əsasında saxlanılıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsi ilə istintaq aparılır. Həmin maddə 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.