Marneulidə azərbaycanlılar etiraz aksiyası keçirir - VİDEO
Hadisə
Marneuli bələdiyyəsinin Qırıxlı kənd sakinləri kəndin otlaq sahələrinin satıldığını və ərazidə yeni daş karxanasının fəaliyyətə başlayacağını bildirirlər.
News24.az xəbər verir ki, kənd sakinlərinin sözlərinə görə, şirkət nümayəndələri onlara ərazidə qazıntı işlərinin aparılması üçün beşillik müqavilə bağladıqlarını bildiriblər. Sakinlər isə karxananın fəaliyyətə başlamasının otlaq sahələrinin məhv olmasına, kənd təsərrüfatında istifadə etdikləri su mənbələrinin qurumasına və Debet çayının kənd ərazisini yuyaraq torpaqlara zərər vurmasına səbəb ola biləcəyini deyirlər.
Sakinlərin sözlərinə görə, kəndin ətrafında fəaliyyət göstərən digər daş karxanaları da uzun illərdir ərazidə qazıntı işləri aparır və nəticədə kəndin torpaqları ciddi şəkildə zədələnir. Onlar yeni karxananın isə artıq kəndin yaşayış ərazisinə qədər yaxınlaşdığını bildirirlər.
Qırıxlı sakinləri yaranmış vəziyyətlə bağlı rayon rəhbərliyini təcili tədbirlər görməyə, kəndin otlaq sahələrinin, su ehtiyatlarının və əhalinin kənd təsərrüfatı ilə məşğul olmaq imkanlarının qorunması üçün məsələyə müdaxilə etməyə çağırırlar. /24news.ge/