Masallıda avtomobil aşdı - ölən və yaralananlar var - Yeniləndi
Hadisə
Dünən saat 12 radələrində Masallıda ağır yol qəzası baş verib.
News24.az xəbər verir ki, 1990-cı il təvəllüdlü Fərmudə Əlipənah qızı Hüseynovanın idarə etdiyi “Nissan Sunny” markalı avtomobil rayonun Həsənli kəndi ərazisində idarəetmədən çıxaraq aşıb.
Nəticədə sürücü F. Hüseynova, avtomobildə olan sərnişinlər - Gülşən İsa qızı İsmayılova (1975), Nuriyə Rasim qızı Nuriyeva (1985) və Sevda İsa qızı Vəlişova (1961) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Lakin S. Vəlişova aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.(Qafqazinfo)
09:56
"Dekabrın 1-i saat 13:10 radələrində Masallı rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (qadın) Masallı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub".
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib:
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Hazırda pasiyentlərdən 3 nəfərin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Onlardan 2 nəfərin vəziyyəti stabil, bir nəfərin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.
Göstərilən bütün reanimasiya tədbirlərə və həkimlərin səylərinə baxmayaraq saat 14:40 radələrində 1961-ci il təvəllüdlü şəxsin bioloji ölüm faktı qeydə alınıb".