Məleykə Abbaszadənin "qohumu"ndan şok dələduzluq - Taksi sürücüsü insanları necə tora salıb?

Məleykə Abbaszadənin "qohumu"ndan şok dələduzluq - Taksi sürücüsü insanları necə tora salıb? Hadisə

Dələduzluq əməllərinə görə mühakimə olunan Xəyal Abdıyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

News24.az xəbər verir ki, Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub, kassasiya şikayəti edilməyib.

İttihama görə, Bakıda taksi sürücüsü kimi fəaliyyət göstərən 1984-cü il təvəllüdlü X.Abdıyev özünü yüksəkvəzifəli şəxs kimi təqdim edərək bir neçə vətəndaşı aldadıb və onlardan külli miqdarda pul alıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə iş açılıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, X.Abdıyev taksi kimi sürdüyü maşına müştəri qismində əyləşmiş Nuranəni (şərti -red.) Hövsandan Yasamal rayonundakı xəstəxanaya aparıb. Yolda o, özünü SOCAR-ın Səngəçalda yerləşən terminalının direktoru kimi təqdim edib, geniş maddi imkanlara və əlaqələrə malik olduğunu bildirib.

Bundan sonra Xəyal həmin qadınla ailəvi münasibət qurub. Onun həyat yoldaşını SOCAR-da sürücü kimi işə düzəldəcəyi, iki qohumunu gəmidə aşpaz vəzifəsinə təyin etdirəcəyi, Nuranənin əri ilə Salyanda üzüm bağı salaraq böyük gəlir əldə edəcəkləri və digər vədləri ilə qadının özündən və bir neçə qohumundan külli miqdarda pul alıb. O, təkcə üzüm bağı salmaq adı ilə qarşı tərəfdən 60 min manat pul alaraq ələ keçirib.

X.Abdıyev daha iki nəfəri aldadaraq onları məktəbə müəllim kimi işə düzəldəcəyi və ali məktəbə qəbul olmaq üçün balını süni şəkildə artıracağını bəhanəsi ilə onların hər birindən 10 min manat alıb. O, həmin şəxsləri buna anasının Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ilə xalaqızı olmasını yalandan deyərək inandırıb.

Sonradan X.Abdıyevin yalan danışması, heç bir yerdə işləməməsi, M.Abbaszadə ilə hər hansı qohumluğunun olmaması üzə çıxıb.

Zərərçəkmiş şəxslər taksi sürücüsündən polisə şikayət ediblər və o, barəsində cinayət işi açılaraq həbs edilib.

X.Abdıyevin daha əvvəl də dələduzluq əməlinə görə məhkum edilməsi üzə çıxıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.Abdıyevə 7 il həbs cəzası verilib. Ali Məhkəmənin qərarına əsasən, kassasiya şikayəti təmin edilməyib./Pravda.az