“Mənim süslü çiçəyim, Yağmurum…" - VİDEO
Hadisə
Zaqatalada dəm qazından zəhərlənərək həyatını itirən 14 yaşlı Yağmur Qocayevanın müəlliməsi onunla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
News24.az xəbər verir ki, müəllimə paylaşımında Yağmurla bağlı xatirələrini bölüşüb :
" “Mənim süslü çiçəyim, Yağmurum…
Sən mənim süslü çiçəyim idin…
“idi” hissəciyini işlətmək necə də çətin olarmış…
“Ən çox sevdiyim müəllimim, mənə ən çox motivasiya verən sizsiniz”, — deyərdin. Həmişə də deyərdin ki, “Müəllimə, məni sizə oxşadırlar…” Bu sözlərini xatırladıqca ürəyim parçalanır, mənim gözəl qızım… Sənin bu sözlərin həmişə qəlbimdə xüsusi yer tutacaq, mənim gözəl qızım…
Biz səninlə hələ çox uğurlar, nailiyyətlər paylaşacaqdıq, Yağmurum… Hələ birlikdə sevinəcəyimiz, qürur duyacağımız neçə gözəl günümüz vardı. Səninlə bağlı arzularım, səndən gözləntilərim vardı…
İndi isə bütün bunları keçmiş zamanda yazmaq məcburiyyətindəyəm… Buna necə inanım? Necə qəbul edim ki, artıq səni görməyəcəyəm, səsini eşitməyəcəyəm, o gözəl sözlərini bir daha eşidə bilməyəcəyəm?
Yoxluğuna inana bilmirəm, Yağmurum… Sanki bu, acı bir yuxudur və bir azdan oyanacağam…
Sən mənim tələbəm olmaqla yanaşı, qəlbimdə iz qoyan gözəl bir çiçək idin.
Mənim süslü çiçəyim, məkanın cənnət olsun. Allah sənə rəhmət eləsin, Yağmurum… "