Qanunsuz bərpa edilən obyekt ikinci dəfə bağlandı - Video
Hadisə
Şəmkir rayonu, “Ağ dağlar” yolunun yaxınlığında fəaliyyət göstərən fərdi sahibkar Əliyev Nəriman Yalçın oğluna məxsus maye qazdoldurma məntəqəsində təkrar yoxlama aparılıb.
News24.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumata əsasən, yoxlama zamanı müəyyən olunub ki, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən bir müddət əvvəl istismarı dayandırılmış 2 ədəd təzyiq altında işləyən tutumla bağlı pozuntular aradan qaldırılmayıb və qanunsuz şəkildə istismarı bərpa edilib.
Belə ki, tutumların bundan əvvəl aşkar olunmuş istismar müddətinin bitməsi, tam texniki müayinələrinin aparılmaması, həmçinin nəzarət-ölçü cihazları və qoruyucu qurğuların yoxlanılmaması kimi pozuntular bir daha müəyyən olunub.
Aşkarlanmış pozuntuların insan həyatı və sağlamlığı üçün ciddi təhlükə yaratdığı nəzərə alınaraq, 2 ədəd təzyiq altında işləyən tutumun istismarı yenidən dayandırılıb. Həmçinin, pozuntuların aradan qaldırılması üçün tərtib edilmiş aktın və Agentliyin müvafiq qərarının surəti sahibkara təqdim edilib.