Oğuzda mikroavtobus qəzaya düşdü: ölən və yaralananlar var – Yeniləndi 1
Hadisə
20.12.2025-ci il tarixində saat 20:50 radələrində Oğuz rayonunun Sincan kəndi ərazisində baş verən yol nəqliyyat hadisəsi səbəbilə 6 nəfər (2 kişi, 4 qadın) Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
News24.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Məlumata görə yaralılara bədənin müxtəlif nahiyələrinin travmaları, sınıqları və əzilmiş yaraları, mədə-bağırsaq sisteminin daxili qanaxması diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri orta ağır qiymətləndirilən 6 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.
Qeyd edək ki, hadisə nəticəsində 1961-ci il təvəllüdlü (kişi) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.
**
Oğuzda baş verən ağır yol qəzasında ölən şəxsin kimliyi məlum olub.
News24.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, bu gün saat 19 radələrində Oğuz rayonunun Sincan kəndi ərazisində “Mercedes Vito” markalı mikroavtobusun sürücüsü Mahama Dibirovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi ağaca çırpılıb.
Nəticədə avtomobildə olan sərnişin, 64 yaşlı Balakən rayonunun Qazma kənd sakini Şadnus Hümbətov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. (APA.az)
**
Oğuzda mikroavtobusun ağaca çırpılması zamanı ölən və yaralan şəxslər Balakən rayon sakinləridir.
News24.az xəbər verir ki, qəzaya uğrayan mikroavtobus Bakıdan Balakən rayonuna gedirmiş.
Qəza zamanı hələ ki, şəxsiyyəti müəyyən edilməyən bir sərnişin aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Daha 6 nəfər isə Oğuz RMX-nın Təcili Tibbi Yardım şöbəsinə yerləşdirlib. (APA.az)
**
Oğuzda mikroavtobus qəzaya düşüb, ölən və xəsarət alanlar var.
News24.az xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Sincan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes-Vito" markalı mikroavtobus idarəetmədən çıxaraq ağaca dəyib.
İlkin məlumata görə, qəza zamanı 1 nəfər ölüb, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. (Unikal.az)