Qış başlayır, təhlükə artır: FHN əhaliyə təcili müraciət etdi - Video
Hadisə
Fövqəladə Hallar Nazirliyi havaların soyuması ilə əlaqədar əhaliyə müraciət edib.
News24.az xəbər verir ki, müraciətdə deyilir:
"Qış fəslinin gəlişi və havaların soyuması ilə elektrik və qaz qızdırıcı cihazlarına olan tələbat xeyli artır. Belə olan halda məişətdə elektrik və qaz təsərrüfatlarında olan nasazlıqlar, o cümlədən qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, ehtiyatsızlıq və nəzarətsizlik yanğın və ya partlayışa səbəb ola bilər.
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar, fiziki və hüquqi şəxslər tərəfindən təhlükəsizlik qaydalarına laqeyd yanaşma, o cümlədən yol verilən səhlənkarlıqlar sonda acı nəticələrə gətirib çıxarır, insan itkisi, eləcə də əmlaka və infrastruktura vurulan ziyanla nəticələnir.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, aşağıda göstərilən mühüm təhlükəsizlik qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladır:
- nasaz və standartlara uyğun olmayan elektrik və qaz cihaz və qurğularından istifadə edilməməli;
- elektrik və qaz təsərrüfatı daim saz vəziyyətdə saxlanılmalı;
- elektrik və qaz şəbəkəsinin quraşdırılması, habelə təmiri yalnız mütəxəssisə həvalə edilməli;
- elektrik xətləri və uzadıcıları həddindən artıq yüklənməməli;
- şarj məqsədilə elektrik cihazları (telefon, kompüter və s.) nəzarətsiz halda şəbəkəyə qoşulu saxlanılmamalı;
- elektrik və qaz cihazları uşaqlar tərəfindən istifadə edilməməli və daim nəzarətdə saxlanılmalı;
- mənzil daxilində, eyvan və pilləkən qəfəslərində tezalışan yanar maddə saxlanılmamalı;
- mənzili tərk edərkən elektrik və qaz cihazları işlək vəziyyətdə qoyulmamalı;
- mənzilə daxil olarkən qaz sızmasının baş vermədiyinə əmin olmadan işıq yandırılmamalı, elektrik və qaz cihazları işə salınmamalı, açıq oddan istifadə edilməməli, qaz iyi hiss etdikdə isə dərhal qapı-pəncərələr açılmalı, mənzilə qazın girişi bağlanılmalı və mütəxəssis çağrılmalı;
- tam söndürülməmiş kibrit və siqaret kötüyü zibil qutusuna və ya eyvandan atılmamalıdır.
Yanğın baş verərkən təhlükəsizliyinizi təmin etmək üçün ağız və burnunuzu nəm parça materialı (dəsmal, şərf, paltar və s.) ilə tutub əyilərək və ya sürünərək hərəkət edin, yan otaqdakı tüstüdən qorunmaq üçün qapı ətrafındakı boşluqları nəm əski ilə tutun, yanğının şiddətlənməməsi üçün qapı və pəncərələri bağlayın, mənzili tərk etmək mümkün deyilsə eyvanda və ya pəncərənin yanında dayanaraq yanğınsöndürənləri gözləyin, binanı tərk etmək üçün liftdən istifadə etməyin. Yanğın çoxmərtəbəli binaların elektrik şaxtasında, mənzillərində və müxtəlif sahələrində baş verdikdə isə digər mənzillərin sakinləri xilasedicilər gələnədək mənzili tərk etməməli və giriş qapısının ətrafını nəm parça materialı ilə tutub tüstüdən qorunmalıdır.
Göstərilən təhlükəsizlik qaydalarına əməl etməklə, həyat və sağlamlığa dəyə biləcək zərərlərin qarşısı alınmış olacaq. Unutmayın, qaydalara biganəlik - həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng vurun!".