"Qızımın xilası üçün ciddi müdaxilə etməyiblər" - Fərhad Mehdiyevdən həkimlərə ağır ittihamlar
Hadisə
Vəkil Fərhad Mehdiyev Abşeron Rayon Mərkəzi Xəstəxanasına qarşı bir sıra ciddi iddialar səsləndirib.
News24.az xəbər verir ki, o, sosial şəbəkə hesabında qızı Zəhranın xəstəxanadan cəmi 300-400 metr məsafədə yerləşən ərazidə qəzaya düşdüyün qeyd edib.
Vəkilin sözlərinə görə, hadisə 16:43-16:44 radələrində baş versə də, qızının ürəyi saat 20:20-yə qədər döyünüb. Mehdiyevin sözlərinə görə, bu müddət ərzində uşağın həyatını xilas etmək üçün kifayət qədər ciddi müdaxilə edilməyib.
Fərhad Mehdiyev qeyd edib ki, qəzanın baş verdiyi ərazi xəstəxanadan cəmi 300-400 metr məsafədə yerləşsə də, hadisə yerinə təcili tibbi yardım avtomobili göndərilməyib. Onun sözlərinə görə, yaralı uşaq boyun korseti taxılmadan və ilkin tibbi yardım göstərilmədən ətrafdakı şəxslər tərəfindən taksi ilə xəstəxanaya çatdırılıb.
O hesab edir ki, təcili tibbi yardım briqadası hadisə yerində xəstənin vəziyyətini qiymətləndirməli, boyun fiksatoru və digər zəruri vasitələrdən istifadə etməli, ilkin tibbi müdaxilələri həyata keçirməli idi.
Mehdiyev qızının çoxlu qan itirdiyini də vurğulayıb. Onun sözlərinə görə, Zəhranın sol bud sümüyündə açıq qırıq olub və ciddi qanaxma müşahidə edilib. Buna baxmayaraq, xəstəxanada qan köçürülmədiyini iddia edib.
Hüquqşünas qeyd edib ki, uşağın aldığı xəsarətlərin ağır olduğunu başa düşsə də, bəzi tibbi müdaxilələrin edilməməsi onda həkimlərin xəstənin yaşamaq şansının olmadığı qənaətinə gəldikləri təəssüratını yaradıb.
Fərhad Mehdiyev həmçinin vurğulayıb ki, əgər Abşeron Rayon Mərkəzi Xəstəxanasının ağır travmalı xəstələrə tam həcmdə müdaxilə və reanimasiya imkanları yox idisə, bu barədə ictimaiyyəti məlumatlandırılmalıydı. O, daha əvvəl də bu xəstəxanada kompüter tomoqrafiyası (KT) aparatının işləməməsi məsələsini gündəmə gətirdiyini xatırladıb.
Sonda o, TƏBİB-i Abşeron Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım xidmətinin maddi-texniki bazasının və personal hazırlığının gücləndirilməsinə diqqət ayırmağa çağırıb.
Mehdiyev vurğulayıb ki, ağır xəsarət alan şəxslərin həyatının xilas edilməsində ilkin tibbi yardımın düzgün və vaxtında göstərilməsi həlledici rol oynayır. Onun sözlərinə görə, geniş əraziyə xidmət göstərən xəstəxanada bu xidmətlərin yüksək səviyyədə təşkili xüsusi əhəmiyyət daşıyır.