Qonşusunun kartını tapdı, 10 dönər, 10 ayran aldı - Cəzalandırıldı
Hadisə
Bakıda qonşusuna məxsus bank kartını götürərək alış-veriş edən şəxsə hökm oxunub.
News24.az xəbər verir ki, 2004-cü il təvəllüdlü Cavid Aslanov (ad-soyad şərti) barəsində Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.
Məlum olub ki, təqsirləndirilən şəxs qonşusu, zərərçəkmiş G.H.-yə məxsus bank kartını götürüb. O, həmin kartla Bakı şəhərinin Sabunçu rayonu ərazisində yerləşən marketlərdən siqaret və digər ərzaq məhsulları, “RED OİL” yanacaqdoldurma məntəqəsindən isə qardaşına məxsus avtomobil üçün yanacaq alıb.
Kartda qalan son məbləğlə “Namlı Dönər” restoranında 10 ədəd dönər və 10 ədəd ayran alıb. Ümumilikdə kartdan 218 manat xərclənib.
Təqsirləndirilən şəxs məhkəmədə kartı yaşadığı ünvanın yaxınlığında təsadüfən tapdığını bildirib. O, əməlindən səmimi peşman olduğunu və bir daha analoji hal törətməyəcəyini deyərək barəsində yüngül cəza təyin olunmasını xahiş edib.
Məhkəmənin hökmü ilə Cavid Aslanov tutulduğu 2 gün çıxılmaqla, 1 il 10 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. O, cəza müddətində elektron qolbaqla nəzarətdə saxlanılacaq.
Bundan əlavə, təqsirləndirilən şəxsə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub. /Qaynarinfo.az/