Rusiyadan təyyarə qəzası ilə bağlı ilk - ETİRAF

Rusiyadan təyyarə qəzası ilə bağlı ilk - ETİRAF Hadisə

“Azərbaycan təyyarəsinin qəzaya uğadığı zaman Qroznı ətrafında vəziyyət çətin idi, “Xalça” rejimi orada Ukrayna PUA-larının hücumları səbəbindən tətbiq olunmuşdu”.

News24.az “Russia Today” nəşrinə istinadən xəbər verir ki, bunu "Rossaviasiya"nın rəhbəri Dmitri Yadrov bildirib.

“Həmin gün və həmin saatlarda Qroznı aeroportu ətrafında vəziyyət olduqca çətin idi. Ukrayna hərbi pilotsuz uçuş aparatları bu vaxt Qroznı və Vladikavkaz şəhərlərində mülki infrastruktur üzərində hücumlar həyata keçirirdilər. Buna görə də Qroznı aeroportu ətrafında "Xalça" rejimi tətbiq olunmuşdu ki, bu da göstərilən ərazidən bütün hava gəmilərinin dərhal çıxarılmasını nəzərdə tuturdu”, - deyə Yadrov bildirib.

O qeyd edib ki, hazırda Azərbaycan Baş Prokurorluğunun əməkdaşlarından ibarət qrup Qroznıya gəlib və Rusiya Baş Prokurorluğunun əməkdaşları ilə birlikdə istintaq tədbirləri aparır.

Qeyd edək ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.

Təyyarənin "qara qutu"su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruri tədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekun nəticələr açıqlanacaq.

Aynurə