Sabunçu tuneli yenidən su altında qaldı – VİDEO
Hadisə
Paytaxtda yağıntılı hava şəraiti Sabunçu tunelində də ciddi fəsadlara səbəb olub.
News24.az BTV-yə istinadən xəbər verir ki, tunel tamamilə su altında qalıb, avtomobillərin giriş-çıxışı bağlanıb.
Müxbir bildirib ki, tuneldə böyük həcmdə su toplanıb və hazırda suyun səviyyəsi artmaqda davam edir.
Ərazidə aidiyyəti dövlət qurumlarının rəsmi nümayəndələrinə rast gəlinmədiyi qeyd olunub. Müxbir bir neçə mühəndislə söhbət edə bildiyini, lakin onların kamera qarşısında danışmaqdan imtina etdiyini bildirib.
Mühəndislərin verdiyi məlumata əsasən, ərazidə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus cəmi bir nasos fəaliyyət göstərir. Lakin mövcud nasosun gücünün tuneldə toplanan böyük həcmdə suyun tamamilə çəkilməsi üçün kifayət etmədiyi bildirilir.
Qeyd olunub ki, nasos vasitəsilə çəkilən su əsas magistral quyu xəttinə ötürülür. Bununla belə, tuneldə suyun yığılması davam edir.