Samuxda kütləvi zəhərlənmə – YENİLƏNDİ
Hadisə
Samuxda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb.
News24.az xəbər verir ki, bu barədə AQTA-dan bildirilib.
"Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək", məlumatda deyilir.
***18:50
Samuxda zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən şəxslər müxtəlif qidalar qəbul ediblər.
News24.az xəbər verir ki, bu barədə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinin həkimi Əli Quliyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, pasiyentlər əsasən halva və südlü aş qəbul ediblər:
"Onlarda halsızlıq və ishal əlamətləri olub. Xəstəxanada pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib, müalicələri davam etdirilir". (Report)
***17:47
Samuxda zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən şəxslərin vəziyyəti orta ağırdır.
News24.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 7-si azyaşlı olmaqla 10 nəfər (4 kişi, 6 qadın) 15.07.2026-cı il tarixində saat 15:30 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
"Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir və vəziyyətləri orta ağır qiymətləndirilir", - məlumatda qeyd olunub.
***17:41
Samuxda zəhərlənmə hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.
Belə ki, 10-dan çox şəxs qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.