Samuxda yas mərasimində zəhərlənənlərin son vəziyyəti açıqlandı - YENİLƏNİB
Hadisə
20.05.2026-cı il tarixində saat 17:00 radələrində 21 nəfər (13 qadın, 8 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
News24.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, zəhərlənmə diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 19 nəfər ambulator müalicə üçün evə buraxılıb. 2 nəfərin müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabildir.
**22:31
20 may 2026-cı il tarixində Samux rayonunun Lək kəndində keçirilən yas mərasimində baş verən hadisə ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılıb.
News24.az-ın xəbərinə görə, agentlikdən bildirilib ki, özlərini narahat hiss edən 21 nəfərə tibb müəssisəsində yardım göstərildikdən sonra evə buraxılıblar.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə mərasimdə təqdim olunan, məişət şəraitində hazırlanan qidalardan müayinələrin aparılması üçün nümunələr götürülərək laboratoriyaya təqdim edilib.
Araşdırmalar davam etdirilir.
**20:33
Samuxda yas mərasimində kütləvi zəhərlənmə olub.
News24.az xəbər verir ki, hadisə rayonu Lək kəndində baş verib. Belə ki kənddə keçirilən il mərasimində 20-yə yaxın şəxs zəhərlənib. Zəhərlənən şəxslər dərhal xəstəxanaya çatdırılıb. Onlara yardım edilib, hazırda vəziyyətlərinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, həmin şəxslər kəndə yas mərasimində pomidor-xiyar yedikdən sonra özlərini pis hiss ediblər. Hazırda hadisə yerinə adiyyəti qurumların əməkdaşları cəlb edilib.
Fakt araşdırılır. (Unikal)