Siyəzəndəki faciənin təfərrüatı
Hadisə
Siyəzən rayonunda iki yeniyetmənin suya düşməsi hadisəsinin yeni təfərrüatı məlum olub.
News24.az xəbər verir ki, hadisə zamanı suya düşən yeniyetmələrdən biri xilas edilib, digəri isə həyatını itirib.
Xilas edilən Ömər Zeynallı hadisənin necə baş verdiyini danışıb.
O bildirib ki, hadisədən əvvəl dostu Hüseynlə birlikdə ərazidə zarafatlaşaraq bir-birlərinə xırda daşlar atıblar. Daha sonra suyun kənarında gül görüblər və onu dərmək qərarına gəliblər.
Yeniyetmənin sözlərinə görə, Hüseyn gülü dərmək üçün suyun kənarına yaxınlaşarkən telefonunu cibinə qoymaq istəyib. Bu zaman onun ayağı sürüşüb. Hüseyn yıxılmamaq üçün dostundan tutmağa çalışıb. Ömər də onu xilas etmək məqsədilə əlindən tutub.
Lakin hər iki yeniyetmə suya düşüb. Ömər bildirib ki, suyun axını onu aparıb. Bir qədər sonra arxaya baxaraq Hüseynin də yanında olub-olmadığını yoxlasa da, dostunu görməyib.
O, daha sonra tunelə düşdüyünü, orada da arxaya baxdığını, lakin dostunu görə bilmədiyini söyləyib. /Oxu.az