Sumqayıtda zəhərlənənlərin sayı 21-ə çatdı - YENİLƏNDİ 2
Hadisə
Oktyabrın 2-si saat 10:20 radələrindən başlayaraq 21 nəfər (17 kişi cinsli, 4 qadın cinsli) zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.
İlkin araşdırmalara görə Sumqayıtda şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir
Bu barədə News24.az-ın sorğusuna AQTA-dan məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbində qeydə alınan zəhərlənmə hadisəsini dərhal nəzarətə götürərək araşdırmalara başlayıb.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində Agentlik tərəfindən müvafiq tədbirlər görülür.
Aparılan ilkin araşdırmaların nəticələrinə görə, hadisəyə məktəbdə şagirdlərdən birinin təhsil müəssisəsinə gətirdiyi, istifadə müddəti bitmiş (vaxtı keçmiş) şirniyyat məhsulu səbəb olub.
Araşdırmalar davam edir. Görülən tədbirlər barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
11:34
Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, məsələ dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb: “Şagirdlər müvafiq tibb müəssisəsinə yönləndiriliblər. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır.
Məlumata görə, şagirdlərdən biri tərəfindən evdən gətirilmiş qənnadı məmulatından sinif yoldaşlarının da istifadə etdiyi müəyyən olunub. Həmin qidadan istifadə etdikdən sonra məktəblilər özlərini pis hiss ediblər”.
Qeyd edək ki, ötən gün Gəncə şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbin 7 şagirdi də şirniyyatdan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. /Qafqazinfo
Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırma aparılır.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.
Bildirilib ki, hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində Agentlik tərəfindən müvafiq tədbirlər görülür. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
11:23
Oktyabrın 2-si saat 10:20 radələrində 14 nəfər (11 kişi cinsli, 3 qadın cinsli) zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.
***
Sumqayıtda 36 nömrəli tam orta məktəbdə şagirdlər arasında kütləvi zəhərlənmə baş verdiyi iddia edilir.
News24.az xəbər verir ki, ilkin məlumata görə, 14 şagird zəhərlənib.
Qeyd edilib ki, hadisə yerinə aidiyyatı qurumların əməkdaşları cəlb edilib./Report