“Tam Store” əməkdaşları arasında dava: Bir nəfər bıçaqlandı
Hadisə
Mingəçevirdə “Tam Store” MMC-nin əməkdaşları arasında baş verən mübahisə qanlı hadisə ilə nəticələnib.
News24.az xəbər verir ki, hadisə zamanı 2003-cü il təvəllüdlü, Oğuz rayon sakini Novruz Soltanov 1991-ci il təvəllüdlü, Mingəçevir şəhər sakini Vüqar Bəkirovu bıçaqlayıb.
İlkin məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən N.Soltanov “Tam Store” MMC-də administrator vəzifəsində çalışır. Bıçaqlanan V.Bəkirov da sözügedən şirkətin əməkdaşıdır.
Məlumata görə, tərəflər hadisədən əvvəl gecə saatlarında kafelərdən birində birgə yeyib-içiblər. Daha sonra onların arasında mübahisə yaranıb. Mübahisəni “aydınlaşdırmaq” məqsədilə tərəflər kafedən ayrılaraq bir qədər kənara gediblər.
Bu zaman mübahisə daha da böyüyüb və N.Soltanov V.Bəkirova bıçaqla xəsarət yetirib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs artıq polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır./musavat.com/