Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu

Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu Hadisə

Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Vasif Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qətlə yetirilən Pərvanə Abbasovanın iş yoldaşları olan müəllimələr şahid qismində ifadə veriblər. Pərvanə Abbasova Suraxanı rayonundakı 118 saylı orta məktəbin müəlliməsi olub.

Daha sonra sənədlərin tədqiqi mərhələsinə başlanılıb.

Məhkəmə istintaqının başa çatdığı elan edildikdən sonra prokuror dövlət ittihamını müdafiə edərək Vasif Abbasovun 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Müşavirədən sonra hökm elan olunub. Məhkəmənin hökmü ilə Vasif Abbasov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə 2026-cı il martın 20-də Bakının Suraxanı rayonunda baş verib. Hövsan qəsəbəsində yerləşən 118 saylı məktəbin texnologiya müəlliməsi Pərvanə Abbasova səhər saatlarında bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qadının qətlində şübhəli bilinən həyat yoldaşı, 43 yaşlı Vasif Zahid oğlu Abbasov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb və ittiham irəli sürülüb.