Tovuzda azyaşlı xəstə yolda düşürüldü? – TƏBİB iddialara münasibət bildirdi

Tovuzda azyaşlı xəstə yolda düşürüldü? – TƏBİB iddialara münasibət bildirdi Hadisə

Sosial şəbəkə platformalarında yayılan videoda Tovuz Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadasının ağır vəziyyətdə olan azyaşlı xəstəni yolda köməksiz vəziyyətdə qoyduğu iddia olunur. Bildirilir ki, vəziyyəti ağırlaşan uşaq Bakıya göndərilsə də, briqada yolda səfəri davam etdirməkdən imtina edərək onu Şəmkir rayonu ərazisində avtomobildən düşürərək geri qayıdıb. Hadisə zamanı qarlı hava şəraitinin olduğu qeyd edilir. Sonradan DYP əməkdaşları azyaşlını Gəncə şəhərindəki xəstəxanalardan birinə çatdırıblar.

Məsələ ilə bağlı News24.az TƏBİB-lə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, azyaşlı xəstə yaxınları tərəfindən özbaşına şəkildə xəstəxanadan çıxarılıb.

Açıqlamada qeyd olunub ki, yanvarın 18-də saat 20:50 radələrində Çobanzadə İnci Rəşad qızı Tovuz Rayon Mərkəzi Xəstəxanasının infeksion şöbəsində stasionar müalicə aldığı halda, xəstənin yaxınları Tovuz Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edərək dispetçerə təzyiq göstərib və təxliyə tələbi irəli sürüblər:

"Mövcud qaydalara əsasən, təxliyə qərarı yalnız həkim konsiliumunun və müvafiq mütəxəssislərin rəyindən sonra, qəbul edən tibb müəssisəsi ilə razılaşdırılaraq Regional Təcili Tibbi Yardım Mərkəzinin Mərkəzi Dispetçer Xidməti vasitəsilə həyata keçirilir. Lakin bu halda protokol pozulub və dispetçer tərəfindən mərkəzə məlumat verilmədən briqada göndərilib. Bununla bağlı məsul əməkdaş barəsində inzibati tənbeh tədbiri görüləcəyi bildirilib".

Qurumun məlumatına görə, hadisə zamanı təcili tibbi yardım briqadasına xəstənin yenidən xəstəxanaya qaytarılması, vəziyyətinin stabilləşdirilməsi və təxliyyənin mövcud qaydalara uyğun şəkildə təşkili barədə tapşırıq verilib:

"Buna baxmayaraq, xəstənin yaxınları geri qayıtmaqdan imtina edib, ambulansı məcburi şəkildə saxlayaraq xəstəni avtomobildən düşürüb və DYP patrul avtomobili ilə Gəncə istiqamətində aparıblar".

TƏBİB vurğulayıb ki, 103 xidmətinin əməkdaşları tərəfindən xəstənin “endirilərək tərk edilməsi” ilə bağlı iddialar həqiqəti əks etdirmir.