Vidadi Mustafayevə qarşı irəli sürülən ittiham ağırlaşdırıldı - 15 ilə qədər həbs
Hadisə
Uralda Azərbaycan diasporunun sabiq rəhbəri olan Vidadi Mustafayevin cinayət işi Yekaterinburqun (Rusiya) Leninski Rayon Məhkəməsinə daxil olub.
News24.az xəbər verir ki, Mustafayevə qarşı üç dələduzluq epizodu üzrə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 3-cü və 4-cü hissələri) ittiham irəli sürülüb.
Əvvəllər o, yalnız bir epizodda ittiham olunurdu. İndi onu 15 ilə qədər həbs cəzası gözləyir.
Məlumata görə, cinayət epizodlarından biri "Porsche" markalı avtomobilin alınması ilə bağlı ola bilər.
Digər versiyaya görə, Vidadi Mustafayev tanışı olan Azərbaycan vətəndaşı Novruz Sadatovdan aldığı avtomobilin pulunu ödəməyib.
Başqa versiyaya görə isə, o, diaspor rəhbərinin müavini vəzifəsi müqabilində maşını və 1 milyon rubl (təxminən 23 000 manat) alıb, lakin verdiyi vədi yerinə yetirməyib.
Mustafayev pulu və maşını qaytarmaqdan imtina etdikdə, Novruz Sadatov istintaq orqanlarına müraciət edib.
Vidadi Mustafayev barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı keçirilən məhkəmə iclasında "Porsche" markalı avtomobilin artıq müsadirə edildiyi bildirilib.
Həbs olunduğu vaxt o, günahını boynuna almayıb və bu mövqeyini ona şər atılması ilə əsaslandırıb.
Xatırladaq ki, Vidadi Mustafayev Azərbaycan icmasına 2025-ci ilin avqustunda, diasporun keçmiş rəhbəri Şahin Şıxlinskinin həbsindən sonra rəhbərlik etməyə başlamışdı. /Kommersant Ural/