Yanğınlarla mübarizə: - 62 min hektar ərazi məhv oldu
Hadisə
Portuqaliyada meşə yanğınları nəticəsində 7 nəfər ölüb, 40 nəfər yaralanıb.
News24.az xəbər verir ki, Mülki Müdafiə Agentliyinin direktoru Andre Fernandes bildirib ki, yanğın zamanı avtomobillərinin alov içində qalması nəticəsində üç yanğınsöndürən həlak olub. Hadisə Viseu bölgəsindəki Nelas şəhərində baş verib.
Bundan əlavə, Alberqariya-a-Velha bölgəsində işləyən 28 yaşlı meşəçi dəm qazından zəhərlənərək ölüb.
Həftəsonundan bəri davam edən yanğınların intensivliyi getdikcə artdığından 33-ü yanğınsöndürən olmaqla, azı 40 nəfər xəsarət alıb.
Yanğınsöndürmə işləri 3700-dən çox yanğınsöndürən, mindən çox texnika və 20-yə yaxın təyyarə tərəfindən həyata keçirilir.
Eyni zamanda, bazar günündən bəri Portuqaliyanın materik hissəsində 62 min hektardan çox ərazi yanaraq külə dönüb.
Davam edən böhrana cavab olaraq hökumət son günlər yanğınlardan zərər çəkmiş bütün bələdiyyələrdə fövqəladə vəziyyət elan edib.
Günel Məlikzadə