"Yaşanabilən və Dayanıqlı İrs Şəhərləri" beynəlxalq konfransı keçirilir
Hadisə
Bakıda "Yaşanabilən və Dayanıqlı İrs Şəhərləri" mövzusunda beynəlxalq konfrans keçirilir.
News24.az-ın xəbərinə görə, tədbirin təşkilatçıları "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Türk Dövlətləri Təşkilatıdır.
Konfransın açılış mərasimində Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi və digər qurumların rəhbər şəxsləri iştirak edir.
Beynəlxalq konfransda tarixi şəhərlərin idarə olunması, tarixi abidələrin konservasiya və bərpası, eləcə də davamlı turizm, tarixi şəhər və qoruqlarda rəqəmsal transformasiya, muzey işinin təşkili və sair mövzular üzrə müzakirələr aparılması nəzərdə tutulub.
Tədbir çərçivəsində həmçinin Bakı Marionet Teatrında "Təsirlərə davamlı və dayanıqlı İrs Şəhərləri/Abidələri: Mədəni mühitin abidələrin effektiv idarəçiliyi və konservasiyası vasitəsilə canlandırılması", Bakı Fotoqrafiya Evində "İrs Şəhərlərində/Məkanlarında Turizmin davamlı inkişafı", Tahir Salahovun ev muzeyində isə "İrs şəhərlərinin muzeyləri innovativ və yaradıcı məkanlar kimi" mövzularında tematik panellər təşkil olunacaq.