Zəhərlənib öldüyü deyilən yeniyetmənin atası DANIŞDI

Zəhərlənib öldüyü deyilən yeniyetmənin atası DANIŞDI Hadisə

"Qızım xalasıgilə qonaq getmişdi, elə oradan da evimizə acı xəbəri gəldi".

News24.az xəbər verir ki, bunu "Teleqraf"a açıqlamasında Yevlaxda qida zəhərlənməsindən dünyasını dəyişdiyi deyilən 16 yaşlı Mədinə Əzizovanın atası Xalid Əzizov deyib.

Qeyd edək ki, Yevlax şəhərində, şəhid Hüseyn Cəbrayılov küçəsində yaşayan Əzizovlar ailəsinin dörd övladı var. Onların ikisi oğlan, ikisi isə qızdır.

Ata deyib ki, Mədinə Yevlax şəhər 10 saylı tam orta məktəbinin şagirdiymiş. O, 11-ci sinifdə təhsilini davam etdirməyi arzulayırmış:

"Təəssüf ki, qızımın arzuları yarımçıq qaldı. Hələ də özümüzə gəlməmişik. Nəyin necə baş verdiyini tam anlaya bilməmişik. Tək bildiyimiz odur ki, dünyasını dəyişdiyi vaxt xalasının evində qonaq olub. Çörək yeyib, badımcan bişiriblərmiş. Bir müddət sonra halı pisləşib və qaytarmağa başlayıb. Vəziyyətinin pisləşdiyini görəndə onu xəstəxanaya çatdırıblar. Amma ilkin müayinədə övladımın yolda keçindiyi məlum olub. Müayinə və analizin yekunlarını gözləyirik ki, Mədinənin nədən, hansı qidadan zəhərləndiyi bilinsin".

Xalid Əzizov həmçinin qızının xəstəxanaya gec çatdırıldığını da deyib: "Ən azı yarım saatdan çox vaxt keçmişdi və bundan sonra qızımın xəstəxanaya aparılması vacib idi. Mağazadan alınan qida, eləcə də, suxarı ağır zəhərlənmə verə bilərdi. Bu suallara ancaq rəsmi rəy açıqlandıqdan sonra cavab tapa biləcəyik. Fəhlə adamam. Ailəmi, övladlarımı dolandırmaq üçün bütün günü işləyirəm, çalışıram. Hadisə baş verən anlarda da işdə olmuşam. O qədər üzgünəm ki, nəyin necə baş verdiyini anlamağa belə çətinlik çəkirəm".