"Balamı torpağa verəcəyimi düşünmək çox ağırdır” - Vəkilin ürəkdağlayan sözləri
Hadisə
“Hər kəs uşağı ilə məzuniyyət şəkillərini paylaşır, mən isə deyə bilərəm ki qızım, şıltağım Zəhra artıq bu dünyada yoxdur”.
News24.az xəbər verir ki, bu sözləri tanınmış vəkil Fərhad Mehdiyev sosial şəbəkə hesabında yazıb.
O, qızının ölümünə səbəb olan əsas amilin Bakı-Sumqayıt yolunun sol zolağında dayanmış avtomobil olduğunu qeyd edib:
“Həmin avtomobilin sağ zolağı da dolu olduğuna görə və həmin zolaqla da avtomobillər keçdiyinə görə, onun sağdan keçmək kimi bir imkanı da yox idi. Həmin sürücü o nasaz maşını ilə dünən bir neçə insanın dünyasını yıxdı”.
F.Mehdiyev faciənin digər səbəbi kimi qızının motosiklet idarə etməsini göstərib:
“Motosikl deyil minik avtomobil sürsəydi, həmin o yaramaz avtomobilə çırpılsaydı da hər halda sağ qalardı. Onu motosikldən uzaqlaşdıra bilməməyim həyatda ən böyük uğursuzluq və səhv olaraq bir valideyn olaraq qəlbimə yazılacaq. Mən qardaşımı, atamı, əmilərimi torpağa vermişəm. Öz balamı torpağa verəcəyimi düşünmək çox ağırdır.
Onunla son saatlarımı keçirirəm. Onu torpağa gömməyə tələsmirəm. Birlikdə keçirə bilmədiyimiz anlarımızı səssiz və soyuq bir ayrlıqda keçiririk. Yaxınlarınıza qarşı göstərdiyimiz hər bir ehmalkarlığın bədəlini bir gün ağır ödəyirik.
Səni çox istəyirəm Zəhra, gedişinin ağrısı uzun çəkəcək. Bu ağrını çatdırmaq çox çətindir”.