Zaqatalada DAVA: qadınlar "saçyoldu"ya çıxdı

Zaqatalada DAVA: qadınlar "saçyoldu"ya çıxdı Hadisə

Zaqatalada sığınacaqda qadınlar arasında dava olub.

News24.az xəbər verir ki, hadisə Qazangül qəsəbəsində yerləşən sığınacaq binalarında qeydə alınıb.

48 yaşlı Nərgiz Məmmədova qonşusu Kəminə adlı qadınla küçədə bir-birinin saçını yolub dalaşıblar. Bu zaman Nərgiz Kəminəni döyərək, ona bir sıra yüngül xəsarətlər yetirib. Səs-küyü eşidən qonşular müdaxilə edərək onları ayırıblar. Lakin digər qonşu, 59 yaşlı Yazbahar Çobanova da Kəminənin döyüldüyünü görüb və Nərgizi vurub. Nəticədə Nərgiz də həmçinin dərəcəsi müəyyən edilməyən xəsarətlər alıb.

Faktla bağlı Nərgiz Məmmədova və Yazbahar Çobanova saxlanılıblar. Onların barəsində inzibati protokollar tərtib olunub.

Nərgiz Məmmədova ifadəsində bildirib ki, ailəsindən ayrıldıqdan sonra maddi vəziyyəti ilə əlaqədar Zaqatala rayonu, Qazangül qəsəbəsində yerləşən sığınacaqda yaşamağa davam edib. Onun sözlərinə görə, Səadət adlı qonşusu zəng edərək “sən mənim qızım Kəminənin haqqında nalayiq sözlər işlətmisən” deyib. Bunu araşdırmaq üçün Nərgiz həmin qonşularının qapısına gedib və burada tərəflər arasında məlum hadisə baş verib. Qonşular səs-küyə gəlib onları ayırıblar. Nərgizin iddiasına görə, Yazbahar və digər iki qonşusu isə onu döyüb.

Lakin Y. Çobanova Nərgizi döymədiyini, sadəcə olaraq qonşularını ayırdıqdan sonra onu itələdiyini bildirib.

Beləliklə inzibati iş üzrə iki təqsirkar və iki zərərçəkmiş olub. Nərgiz Məmmədova həm təqsirkar, həm də zərərçəkmiş şəxs qismində məhkəməyə çıxarılıb.

Birinci zərərçəkmiş Nərgiz Məmmədova yekun çıxışında Yazbahar Çobanovadan şikayətçi olduğunu deyib. İkinci zərərçəkmiş zərərçəkmiş Kəminə adlı qadın da Nərgizlə barışmadığını və şikayətçi olduğunu qeyd edib.

Məhkəmənin qərarı ilə Nərgiz Məmmədova və Yazbahar Çobanova hər biri 300 manat məbləğində inzibati qaydada cərimələniblər. /Lent.az/