Zeynəbin axtarışları nəticə vermir - "Qayalıqlar və balıqçı torları işi çətinləşdirir" - VİDEO

Zeynəbin axtarışları nəticə vermir - "Qayalıqlar və balıqçı torları işi çətinləşdirir" - VİDEO Hadisə

İyulun 6-da paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsi istiqamətində dənizdə batan 19 yaşlı Zeynəb Məmmədzadənin axtarışları davam etdirilir.

News24.az xəbər verir ki, hadisə nəzarətsiz çimərlik ərazisində baş verib, bir ailənin üzvləri boğulublar. Zeynəbin atası və bacısı xilas edilsə də, qardaşı Raulun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Zeynəbdən isə hələlik xəbər yoxdur.

"Hazırda balamız Zeynəbin axtarışları davam etdirilir. Raulu isə artıq dəfn etmişik. Ata ağır psixoloji vəziyyətdədir, bir övladını itirib, digərinin isə taleyindən xəbər yoxdur", - deyə Zeynəbin qohumu Baku TV-yə söyləyib.

Ailənin qohumları axtarış aparılan ərazidə güclü dalğaların, qayalıqların və köhnə balıqçı torlarının işi çətinləşdirdiyini bildiriblər.

Qeyd edək ki, iyulun 6-da axşam saatlarında Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində dənizdə bir ata və üç övladı batıb.

Xilasetmə əməliyyatları nəticəsində 51 yaşlı Rasim Məmmədov və 10 yaşlı qızı Aytən Məmmədzadə xilas ediliblər. Axtarışlar zamanı dalğıclar R.Məmmədovun 21 yaşlı oğlu Raul Məmmədovun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. (Baku.tv)