“Zor edirəm, çək!” – Bakıda qadın sürücüdən inanılmaz hərəkət – Video
Hadisə
Xətai rayonu, “Ağ şəhər” ərazisində xoşagəlməz hadisə baş verib. Qadın sürücü motosikleti vurub və hadisənin qeydə alındığını görərək “zor edirəm, çək” deyə bildirib.
News24.az "Patrul.az"a istinadla xəbər verir ki, hadisə oktyabrın 5-də, saat 21 radələrində “Neptun” marketin yaxınlığında, “AzParking”ə məxsus rəsmi parklanma sahəsində baş verib. Nadir Cəlilov 99-M-374 dövlət qeydiyyat nişanlı motosikletini qanuni park yerində saxlayıb.
Bu zaman 90-BY-008 nömrə nişanlı “BMW” markalı avtomobili idarə edən qadın sürücü yaxınlaşaraq, ondan motosikleti kənara çəkməyi tələb edib. Şikayətçi isə bu yerin rəsmi parklanma sahəsi olduğunu bildirərək tələbi rədd edib.
İddiaya görə, bundan sonra BMW sürücüsü avtomobili motosikletin üzərinə sürərək onu yerə yıxıb.
Nadir Cəlilov hadisə anını mobil telefonla lentə alıb. Görüntülərdə qadın sürücünün “Zor edirəm, çək!” deməsi aydın şəkildə eşidilir. Zərərçəkənin sözlərinə görə, qadın daha sonra etik normalara uyğun olmayan ifadələr işlədib, lakin həmin hissəni paylaşmayıb.
Hadisə nəticəsində motosikletin sürətlər qutusu zərər görüb.
Nadir Cəlilov hadisəyə hüquqi qiymət verilməsini və vurulan ziyanın ödənilməsini təmin etmək üçün aidiyyəti qurumlardan köməklik istəyib.