Hərbi reportyor qıtlığının fəsadları - Müşfiq Abbasov yazır

Hərbi reportyor qıtlığının fəsadları - Müşfiq Abbasov yazır
HÜQUQ VƏ CƏMİYYƏT

17 iyul 2020, 11:27

Mətn ölçüsü

Son günlər düşmənin torpaqlarımıza hücumu informasiya təhlükəsizlyi məsələsini yenidən aktuallaşdırıb. Müdafiə Nazirliyinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, təəssüf ki, media və sosial şəbəkə istifadəçiləri bəzən yanlışlıqlara yol verirlər. 

Sosial şəbəkələri izləyərkən, insanlarımızın müharibə və döyüş barədə nə qədər məlumatsız olduğunu görürəm. Bunun səbəblərindən biri hərbi reportyorlarımızın yetərincə olmamasıdır. Otuz ildir ki, müharibə şəraitində yaşamağımıza baxmayaraq, rəhmətlik Çingiz Mustafayevdən sonra bu sahədə yalnız bir neçə hərbi reportyor yetişdirə bilmişik. Bu günlərdə ölkədə hərbi reportyor qıtlığı aydın hiss olunur.
Əgər xatırlayırsızsa, Çingiz cəhbədə baş verənləri lentə alarkən, həm də insanlara baş verənləri izah edirdi. Bununla o, bəlkə də Müdafiə Nazirliyinin o vaxtkı mətbuat xidmətindən də artıq iş görürdü. 

Çingizin döyüşləri çəkərkən, şəhid olması bu sahəni inkişaf etdirməli idi. Amma bizim telekanallarımız sanki reytinq xatirinə bir-biri ilə yarışa girərək, şou reportyorlarının sayını artırdı. Əgər düşmənlə genişmiqyaslı döyüşlər başlayarsa, mütləq bizə hərbi reportyorlar lazım olacaq. Hərbi reportyorların bilikləri imkan verir ki, onlar bizim strateji nöqtələri, hərbi texnikanı və silahları lentə almasın, insanları bilgiləndirsin. 

Bilməyinizi istəyirəm ki, bizim səngərlərlə düşmən səngərləri arasındaki məsafə sosial şəbəkələrdə göstərildiyi kimi, heç də 30 km deyil. Bu məsafə bəzi yerlərdə 80-100 metrdir. Hər iki tərəfin əsgərləri hətta bəzən bir-birlərinə səslənərək, söyüb təhqir edirlər. Bu məsafə Tərtər və Beyləqan istiqamətlərində düzənlik olduğuna görə daha da yaxın, Tovuz istiqamətində isə dağlıq olduğuna görə bir az uzaqdır. Arada olan məsafə neytral zona adlanır və ora hər iki tərəf öz minalarını müxtəlif formulyarlarla düzür. Həmin formulyarlar məxfidir. Kəşfiyyat bir-birinə hücum edərkən, onların qarşısında mina axtaran, yəni hərbi dildə desək, "sapyor" gedir və o, minaları təmizləyir. Təmizlənmiş yola kəndir çəkilir ki, geri qayıdarkən, həmin kəndirdən istifadə edilsin. Yəni geri qayıtmaq asan, təhlükəsiz olsun və vaxt itkisi getməsin. Həm bizimkilər, həm də düşmən qarşısındakı hərbi hissənin nömrəsini, komandirinin adını, rütbəsini bilir. Ona məlum olan hədəfləri artilleriya ilə vurmaq sadəcə peşəkarlıq tələb edir. 
 
Qəbul olunmuş döyüş qanunlarına görə, bir ölü beş yaralıya bərabər tutulur. Dağlıq ərazilərdə tank döyüşləri ümumiyyətlə, olmur. Dağ şəraitində ən optimal zirehli texnika BMP-dir. Bu cür döyüşlərdə yalnız helikopterlərdən istifadə olunur. Helikopterlər lap alçaqdan uçmaq imkanlarına malik olduqlarına görə düşmən radarlarına yaxalanmırlar. Lakin gözlə göründükləri vaxt onları “İqla” tipli raketlərlə vurmaq mümkündür. Qırıcı təyyarələrin dağ şəraitində olan döyüşlərdə istifadə olunması optimal variant deyil. Kəşfiyyat bir qayda olaraq gecələr, küləkli və yağışlı şəraitdə hərəkət edir. Hər iki tərəfin ön xəttdə peşəkar snayperləri var. Düşmən muzdlu snayperlərdən və qadınlardan istifadə edir. Qadınları snayper kimi hazırlamaq onların bədən qurluşlarına görə daha asandır. Ən etibarlı rabitə vasitəsi xətti rabitədir. Buna baxmayaraq, bütün telefonların üzərinə “düşmən qulaq asır” sözləri yazılır. Bütün danışıqlar şifrəlidir. Hər iki tərəf bir-birinə qulaq asır. Verdiyim bu məlumatlar məxfi deyil və düşmənə məlum olan faktlardır. Odur ki, bu sahədə biliklərimizi artırmalı, bilmədiklərimizi sosial şəbəkələrdə paylaşmamalıyıq.

Müşfiq Abbasov