Məktəb şagirdini qaçıran fərari əsgər - MTN səhvi - SON- Müşfiq Abbasov yazır

Məktəb şagirdini qaçıran fərari əsgər - MTN səhvi - SON- Müşfiq Abbasov yazır
HÜQUQ VƏ CƏMİYYƏT

31 iyul 2020, 13:26

Mətn ölçüsü

I hissə bu linkdə:
https://news24.az/huquq-ve-cemiyyet/46268 

Sənubərin təhsil aldığı orta məktəb rayonun mərkəzində yerləşirdi. Mən Sənubərin oxuduğu sinfin rəhbərini tapdım. Məktəbin boş otaqlarından birində onunla söhbət etdim. Yaşı təxminən 55 olan bu qadın çox səmimi danışırdı. O, Sənubərin dərslərini çox yaxşı oxuduğunu və məktəbin ən qabaqcıl şagirdlərindən biri olduğunu dedi. Mənim verdiyim suallara cavab olaraq o, mənə Sənubərin digər sinifdə oxuyan Azər adlı şagirdlə münasibətləri olduğunu və onları məktəbdə əvvəllər tez-tez bir yerdə gördüyünü dedi. Təbii ki, bu mənimçün bir ip ucu idi. 

Mən ordan birbaşa rayon polis şöbəsinin rəisinin yanına gəldim. Fikirləşdim ki, Azəri polis bölməsində dindirmək daha effektiv olacaq. Məsələni polis şöbəsinin rəisinə danışaraq ondan Azərin polis şöbəsinə gətirilməsini xahiş etdim. Rəis dəhral iki nəfər əməliyyatçını Azərin ardınca göndərdi. Təxminən bir saata əməliyyatçılar Azəri tapıb polis şöbəsinə gətirdilər. Azər 11-ci sinifdə oxusa da, öz yaşından böyük görsənirdi. O, hansı səbəbdən polisə gətirildiyini bilmədiyinə görə qorxurdu. 

Mən onunla təklikdə danışmaq üçün bir otağa keçdim. Bu zaman ona pxisoloji təsir etməyimi də etiraf edirəm. Çünki elə cinayətlər var ki, onların araşdırılması zamanı təsir üsullarından istifadə etmək zəruridir, yoxsa o, cinayətin açılması mümkün deyil. Amma ona qarşı heç bir fiziki güc tətbiq edilmədi. Bir neçə  dəqiqədən sonra o, etiraf etdi ki, bir il əvvəl Sənubərlə bir-birini sevib və idman dərslərinin birində onunla boş sinif otağında qeyri-təbii yolla cinsi əlaqədə olub. Bu hal könüllü olmaqla bir neçə dəfə təkrarlanıb. Təbii ki, onun danışdıqları hamı kimi məni də üzürdü. Orta məktəbdə şagirdlər arasında belə bir halın yaşanması sadəcə utancverici idi. O, danışdıqca mən xəcalət çəkir və bir azərbaycanlı kimi utanırdım. Amma nə etmək olar, mən əsgərimiz üzərinə atılan çirkin şərdən və sanksiyası 10 ilədək olan maddələrdən onu xilas etməli idim. 

Azərin ifadəsini rəsmləşdirdikdən sonra otaqdan bayıra çıxdım. Bu zaman mənə orta yaşlı bir kişi yaxınlaşdı. Üzünə baxarkən dərdli birinə bənzəyirdi. Tərtərdən gələn müstəntiqin mən olduğunu soruşub Azərin atası olduğunu bildirdi. Mən təklikdə ona oğlunun heç də yaxşı iş görmədiyini dedim. O, pıçıltı ilə mənə dedi ki, uzun müddət övladı olmadığına görə Azəri uşaq evindən götürüb, indi onun etdiyi hərəkətə görə çox xəcalət çəkir. Mən ona Azərin əməlinə istintaq nəticəsində qiymət veriləcəyini bildirdim.  

Mən polis şöbəsindən birbaşa Sənubərin yaşadığı evə gəldim və onu təkrar dindirdim. Azər barəsində məlumatlı olduğumu görən Sənubər mənə həqiqəti deməyə məcbur oldu. O, Anarın ümimiyyətlə ona toxunmadığını, sadəcə Azərlə ayrıldıqdan sonra Anarı sevdiyini və onunla könüllü Bakı şəhərinə, daha sonra Zaqatalaya getdiyini, bu vaxt isə yol və xərclik pulu olaraq özünə məxsus olan iki ədəd qızıl boyunbağını və sırğasını satdığını bildirdi. MTN işçiləri isə ondan ifadə alarkən qardaşından qorxduğuna görə Azərin etdiklərini də Anarın üstünə yıxmışdır. Artıq onun bu ifadəsi mənə imkan verirdi ki, mən əsgərimiz Anarın üzərindən adam oğurluğu və seksual xarakterli zorakılıq hərəkətlərini götürüm. Sənubər Azərin də ona qarşı zor tətbiq etmədiyini və aralarında yaşananların könüllü olduğunu bildirdi. 

İstintaqın nəticəsinə görə Azər cinayət məsuliyyətinə cəlb edilmədi. Ona görə ki, o, Sənubərə qarşı həmin hərəkətləri məcburi etməmişdi. Sənubərə qarşı həmin hərəkətlərdə məcburiyyət olmasa da, Sənubər 16 yaşına çatmadığına görə bu cinayət idi. Amma həmin cinayəti törətmiş şəxs Cinayət Məcəlləsinin tələblərinə görə mütləq yetkinlik yaşına, yəni 18 yaşına çatmalı idi. Azərin isə 17 yaşı vardı. Hesab edirəm ki, bu qanunda boşluq idi və həmin maddədə cinayəti törədən subyektin yaş həddi 18-dən 16-ya endirilməlidir. Bu səbəbdən də Azəri cinayət məsuliyyətinə ala bilmədim.

Əsgərimiz Anarı Cinayət Məcəlləsinin 334.1-ci, yəni fərarilik maddəsi ilə hərbi məhkəməyə göndərdim və o, məhkəmə hökmü ilə 4 il azadlıqdan məhrum edildi. 

Utancverici hadisə barədə məktəb direktorunun və onun tərbiyyəvi işlər üzrə müavininin cəzalandırılması üçün təqdimat yazdım. Onların hər ikisinə də rayon təhsil şöbəsi tərəfindən töhmət verildi. 

Elə həmin il Sənubər Azərbaycan Tibb Universitetinin “Müalicə işi” fakültəsinə daxil oldu və indi o, Bakıdaki tibb klinikalarının birində tanınmış genekoloq həkim işləyir.

MTN-nin əməkdaşlarının əsgərimiz Anar üçün topladığı materallardakı faktlar keçərli olmadı və onların səhvi tərəfimdən düzəldildi.  
Bu də bir cinayətin tarixçəsi və bir qrup insanın həyat hekayəsi idi.....

Müşfiq Abbasov