Cahangir Əsgərov istefa verəcəkmi? - Müşfiq Abbasov yazır

Cahangir Əsgərov istefa verəcəkmi? - Müşfiq Abbasov yazır
HÜQUQ VƏ CƏMİYYƏT

07 avqust 2020, 13:05

Mətn ölçüsü

Uzun illərdir ki, hakimiyyətdə olan iqtidar və ona müxalif olan qüvvələr balansı yavaş-yavaş dəyişikliyə uğrayır. İqtidar son vaxtlar islahatçı yol tutmaqda qərarlı görsənir, müxalifət isə həmişə olduğu kimi yerində sayır. 

Dünən ölkə prezidentinin “AZAL”-ın və digər qurumların fəaliyyətini kəskin tənqid etməsi nələrdənsə xəbər verir. İllərdir ki, elə bu “AZAL” da bizim “müxalifət”imiz kimi yerində sayır. Dünyada bütün şirkətlər qarşılarına müəyyən məqsədlər və prespektiv planlar qoyur. Pul qazanmaq, yenilik etmək, inkişaf, insanlara daha effektli və yaxşı xidmət göstərmək bu məqsədlər sırasındadır. Məsələn, Türkiyəyə məxsus “Türk Hava Yolları” aviaşirkəti hər ay öz yeniliklərini müştərilərə təqdim etməklə bərabər milyonlarla gəlirlə işlədiyi halda bizim “AZAL” günü-gündən geriləyir. Baxmayaraq ki, “AZAL”a aid bütün təyyarələr dövlət büdcəsi hesabına alınır. Hətta aeroportların tikintisi, təmiri, xidmət avtomobillərin və texnikaların alınması da dövlət büdcəsi hesabına həyata keçirilir. Buna baxmayaraq, “AZAL” hər il milyon dollarlarla ziyan edir və ilin yekununu zərərlə başa vurur. Onun zərəri də elə dövlət büdcəsi hesabına bağlanır. Nəzərə alsaq ki, “AZAL”da biletlər həm türk, həm də rus aviaşirkətlərinə məxsus biletlərdən bahadır, belə olan halda bu qurumun ziyanla işləməsi ancaq bir şeydən xəbər verir: korrupsiyadan!    

Bir qurumun korrupsiyaya bulaşması sistematik xarakterlidir. Adi mətbuat xidmətindən tutmuş rəhbərinə qədər işləmək istəməyən, dünya şirkətləri ilə ayaqlaşmağı bacarmayan, ən əsası isə öz dövlətinə və onun büdcəsinə xeyir verməyən “AZAL”-da ciddi islahatlara ehtiyac var. Amma belə görünür, bizim dövlət qurumlarının əksəriyyətində olduğu kimi, “AZAL” rəhbəri də istefa vermək mədəniyyətindən yararlanmaq istəmir. O, Prezidentin onu vəzifədən azad etmək barədə sərəncamınadək vəzifəsindən ikiəlli yapışıb. 

Qurum rəhbərləri anlamırlar ki, belə olan halda xalq nifrətini qazanırlar. Məsələn, Mədəniyyət Nazirinin müavini və idarə rəisi korrupsiya faktına görə həbs edilir, lakin nazir istefa vermir. O, gözləyir ki, gərək Prezident onu işdən çıxarsın, yoxsa vəzifədən getmək fikri yoxdur. Axı, niyə anlamırlar ki, bu vəzifə onlara atalarından miras qalmayıb. Bu hansısa əmlak deyil ki, deyəsən “mənimdir”. Bu, Prezidentin sizə etibarı, xalqın isə sizdən gözləntisidir. 

Prezidentin dünənki çıxışından sonra məndə belə bir təəsürrat yarandı ki, çıxışda adları çəkilən dövlət qurumları sankı dövlət büdcəsini talamaq üçün bir-birləri ilə yarışa giriblər. Son dövrlər Dövlət Təhlükəsizlik Xidmətinin apardığı həbsli əməliyyatlar da sanki bu qrumların rəhbərlərini qorxutmur. Bu yerdə yadıma Biləsuvarın icra başçısı Mahir Quliyevin DTX tərəfindən tutularkən videokameraların qarşısında “üzr istəməsi” epizodu düşdü. Vəzifəsinin öhdəsindən gələ bilməyənlər bu utancverici səhnəni tez-tez xatırlasın və onu yaşamamaq üçün istefa versin.

Müşfiq Abbasov