Əxlaqsız müəllimə niyə az cəza verildi? - Müşfiq Abbasov yazır

Əxlaqsız müəllimə niyə az cəza verildi? - Müşfiq Abbasov yazır
HÜQUQ VƏ CƏMİYYƏT

13 avqust 2020, 12:23

Mətn ölçüsü

Bir neçə gündür ki, sosial şəbəkələrdə Lerik rayonunda baş vermiş utancverici hadisə geniş müzakirə olunur. Rayonda yaşayan 60 yaşlı müəllimin 15 yaşlı qıza qarşı seksual hərəkətlər etməsi, onunla cinsi əlaqədə olması, nəticədə qızın hamilə qalması cəmiyyətdə birmənalı qarşılanmır. Amma ən çox müzakirə edilən məsələ həmin cinayət işinə baxan məhkəmənin hakimi tərəfindən təqsirləndirilən şəxsə cəmi 1 il azadlıqdan məhrumetmə cəzasının təyin edilməsidir. Bir çoxları buna görə hakimi tənqid, hətta təhqir belə etdi. Əksər vətəndaşlarımız müəllimin 8-10 il müddətinə azadlıqdan məhrum edilməli olduğunu yazdı.

Əvvələ qeyd edim ki, həmin fakta görə “müəllim” (ona müəllim demək istəməsəm də) Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə cinayət məsuliyyətə alınaraq məhkəməyə göndərilib. CM-nin 152.1-ci maddəsinin tələbinə görə 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ona qarşı seksual xarakterli digər hərəkətlər etmə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  

Yəni, bu maddə zorlama cinayətini deyil, 16 yaşına çatmayan şəxslə cinsi əlaqəni və ona qarşı seksual hərəkətləri ehtiva edir. Burda zərərçəkmiş şəxs mütləq 14-16 yaş arasında, təqsirkar isə 18 yaşdan yuxarı olmalıdır. Bu maddənin tələblərinə görə cinsi əlaqə və seksual hərəkətlər mütləq şəkildə könüllü olmalıdır. Əgər zərərçəkmiş şəxsin yaşı 16-dan çox olarsa, burda heç cinayət məsuliyyəti olmayacaqdır. Sadəcə 14-16 yaş arasında şəxsin tam formalaşması və psixi cəhətdən ona təsir etməyin mümkünlüyü nəzərə alındığına görə qanuna bu maddə salınmışdır. 

Əgər istintaq həmin “müəllimi” Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə məhkəmə məsuliyyətinə veribsə demək ki, tərəflər arasındaki münasibətlər könüllü olub və burda zorlama faktından söhbət gedə bilməz. Bu səbəbdən də cəmiyyət bu hadisəni “zorlama” kimi qəbul etməməlidir. 

Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin tələblərinə görə hakim “müəllimi” 3 ilədək müddətə azadlıqdan məhrum edə bilərdi. Qanuna görə hökm çıxarılarkən təqsirləndirilən şəxsin yaşı, səhhəti, zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin şikayətinin olmaması, könüllü etiraf və s. məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınır. Yəni, bu halları nəzərə alan hakim, bir sözlə maddənin sanksiyası daxilində cəza verməkdə tam sərbəstdir. Bundan əlavə, bizim heç birimiz cinayət işinin istintaq materialları ilə tanış deyilik və işin içərisində olan faktlardan və sübutlardan bixəbərik. 

Təbii ki, 60 yaşlı bir “müəllim”in etdiyi bu hərəkət utancverici olmaqla ictimai qınaq obyekti olmalı və qəti şəkildə pislənilməlidir. Amma cinayət işi üzrə bütün qərarlar ictimai qınaq əsasında deyil, qanuna və iş materiallarına əsasən qəbul edilməlidir. Mənim fikrimi soruşsanız hesab edirəm ki, “müəllim”ə sanksiya daxilində daha yuxarı cəza təyin edilməli idi. Yəqin ki, həmin hökm yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdiriləcək və “müəllim”in cəzası sanksiya daxilində ağırlaşacaq. Amma ümid edirəm ki, mənim yazdıqlarımı da ictimai qınaq kimi yuxarı instansiya məhkəməsində işə baxan hakimlər nəzərə almadan qanuni və ədalətli qərar qəbul edəcəklər.

Müşfiq Abbasov