Qız qaçırma, yoxsa adam oğurluğu... - Müşfiq Abbasov yazır

Qız qaçırma, yoxsa adam oğurluğu... - Müşfiq Abbasov yazır
HÜQUQ VƏ CƏMİYYƏT

01 sentyabr 2020, 17:59

Mətn ölçüsü

Cəmiyyətimizdə tez-tez rast gəlinən məsələlərdən biri də evlənmək məqsədi ilə qız qaçırmadır. Bəzi insanlar hətta buna dədə-baba adəti də deyirlər və çox normal da qarşılayırlar. Təbii ki, əgər qız istədiyi şəxsə könüllü qoşulub gedibsə, burada heç bir cinayət məsuliyyətindən söhbət gedə bilməz. Əksinə, o, zorla və iradəsinə zidd aparılıbsa bu artıq cinayət məsuliyyəti yaradır. 

2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsində qadını evlənmək məqsədilə oğurlama (129-cu maddə) cinayəti 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tuturdu. Eyni hərəkətlər yetkinlik yaşına çatmayan şəxs barəsində edilərsə, 5 ilədək müddətinə azadlıqdan məhrumetmə cəzası vardı. Lakin 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Cinayət Məcəlləsində bu əməl artıq adam oğurluğu kimi tanındı və 144-cü maddədə ehtiva olundu. Həmin Məcəllə ilə bu əməl 5 ildən 10 ilədək, eyni əməllər yetkinlik yaşına çatmamış şəxs barəsində törədildikdə isə 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. 

Şərq mentalitetindən irəli gələn qızqaçırma artıq adam oğurluğu ilə eyniləşdirilib. Lakin bu əmələ görə ağır cəza təyin edilməsi bəzən insanlar arasında narazılıqlar və fikir ayrılıqlarına səbəb olur. Əslində insanın iradəsinə zidd olaraq, zorla bir yerdən başqa yerə aparılması və saxlanılması cinayətdir. Bir qayda olaraq, ibtidai istintaqda bu cinayəti törədən şəxslər həbs olunur, məhkəmələr isə onlara ağır cəzalar verirlər.  

Bir məsələni diqqətinizə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü maddəsinin qeydində göstərilib ki, oğurlanmış adamı könüllü azad edən şəxs cinayət məsuliyyətindən azad olunur. Məsələn, tamah məqsədi ilə kimisə qaçırmiş şəxs onu könüllü azad edərsə, cinayət məsuliyyətə cəlb olunmur. Bu həm də zorla qız qaçırmış şəxslərə da aid edilir. Yəni, qız qaçıran şəxs bir neçə gün sonra qızı könüllü qaytarırsa, ya da sərbəst buraxırsa və onun əməlində başqa cinayət tərkibi yoxdursa, o, cinayət məsuliyyətdən azaddır. Amma gəlin bir şeyi qeyd edək ki, buna heç bir valideyn razı ola bilməz. İctimai rəy, adətlərimiz və mənəvi dəyərlərimiz bunu kəskin şəkildə pisləyir. Məncə qanunun bu qeydi insanlar tərəfindən düzgün qəbul edilmir və hesab edirəm ki, ictimaiyyət arasında haqlı olaraq neqativ reaksiyalara səbəb olur. Ona görə də, yaxşı olardı ki, Cinayət Məcəlləsinin 144-cü maddəsinin qeyd hissəsinin “qız qaçırma” cinayətinə şamil olmaması göstərilərdi.