11 yaşlı şahmatçı tarixə düşdü
İdman
Britaniyalı 11 yaşlı şahmatçı Bodhana Sivanandan tarixdə qadınlar arasında ən gənc qrossmeyster olub.
News24.az xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təsdiqlədiyi məlumata görə, Sivanandan bu titulun əldə edilməsi üçün tələb olunan üç normadan sonuncusunu da yerinə yetirib. O, Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Şahmat Olimpiadasında İngiltərə yığmasının heyətində çıxış edib.
Londonun şimal-qərbində yaşayan məktəbli bundan əvvəl Böyük Britaniyanın ən gənc şahmat çempionu olub. O, həmçinin istənilən idman növü üzrə beynəlxalq yarışlarda ölkəni təmsil edən ən gənc şəxs kimi tarixə düşüb.
Səmərqənddə keçirilən Olimpiadada Sivanandan İngiltərə yığmasının birinci lövhəsində bütün 11 oyunda iştirak edib. Bu mövqedə adətən komandanın ən güclü şahmatçısı çıxış edir. O, turniri 8 xalla başa vurub. Şahmatçı 6 qələbə qazanıb, 4 heç-heçə edib və 1 dəfə məğlub olub.
Bundan əvvəl Sivanandan qadınlar arasında qrossmeyster titulunu əldə etmək üçün tələb olunan 2300 reytinq göstəricisinə də çatıb.
“FIDE”yə müsahibəsində o, “Buna nail olduğum üçün çox xoşbəxtəm, lakin dayanmaq niyyətində deyiləm. Yeni tarixi nailiyyətlər əldə etmək istəyirəm”, - deyə bildirib.
“Mən səyahət etməyi xoşlayıram. Hələ tam gün məktəbdə oxuduğum üçün bütün bunlar mənim üçün çox faydalıdır. Çünki çoxlu məktəb layihələri ilə də əlaqəlidir”, - şahmatçı əlavə edib.
Bundan əvvəl qadınlar arasında ən gənc qrossmeyster titulunu 12 yaşında qazanan Yekaterina Laqno bu rekordun sahibi olub. O, əvvəlcə Ukraynanı təmsil edib, daha sonra Rusiya vətəndaşlığı alaraq bu ölkənin yığmasında çıxış edib.
Çinli şahmatçı Hou Yifan da qadınlar arasında qrossmeyster tituluna 12 yaşında yiyələnib. O, daha sonra 14 yaşında həm kişilərə, həm də qadınlara verilən ümumi qrossmeyster titulunu qazanan ən gənc qadın olub və bu rekord hazırda da ona məxsusdur.